Ana dilimiz – Milli kimliyimiz

A- A A+

Məlum olduğu kimi, dilimizə qarşı düşmənlərin hər zaman məkrli niyyətləri olub. Təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında üç dəfə təzyiqə məruz qalıb. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyev sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə mindi. 2003-cü ildə “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun qəbul olunması ümummilli lider Heydər Əliyevin bu işdə nə qədər həssas və tələbkar olduğunu bir daha sübut etdi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev bu sahədə görülən işləri uğurla davam etdirərək dilimizin inkişafı və tətbiqi işinə xidmət edən yeni qərarlar qəbul edib. Prezident cənab İlham Əliyev 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayaraq dövlətçiliyimizin təməl daşlarının möhkəmlənməsi sahəsində böyük addım atdı.

XI əsrdə yaşamış ümumtürk xalqlarının ilk dilçi və lüğətçisi Mahmud Kaşğari yazırdı: “Dərdini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur”. Bəli, ana dili ana südü, ana laylası ilə damla-damla qanımıza, canımıza hopub, ruhumuzu qidalandırıb. Ana dilim! Ana qədər əziz, Vətən qədər doğma dilim! Bu dildə Dədə Qorqud xeyir-duasını dinləmişik. Muğama qulaq asıb dərdimizi, kədərimizi ovutmuşuq, “Marş” sədaları altında Vətən qorumağa yollanmışıq. Üzeyirin “Üvertura”sını, “Cəngi”sini eşidib Koroğlunun qıratının nallarından qopan əzəmətini duymuşuq. Nəsiminin fəlsəfəsi bu dildə dərinləşmiş, Füzulinin könülləri fəth edən qəzəlləri bu dildə yazılmışdır. Şah babamızın qanlı döyüşlər arasında yazdığı incə ruhlu şeirləri bu dildə qanad açmışdır. Bu dil calaq sevmir, o, yad sözləri qəbul etmir. Tarixin qaranlıq dönəmlərində bu dil Günəşdən parlaq, qılıncdan kəskin olub.

Dil xalqın özüdür, özəyidir. Dil insanın düşüncə və mənəviyyatının aynasıdır. Ana dilimizin ilk və möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu dastan istər poetik gündəliyi, əzəməti, tarixiliyi, istərsə də ana dilinin qrammatikasını tədqiq etmək baxımından çox dəyərli söz sənətidir. Atalar sözləri, alqış və qarğışlar, bədii təsvir və ifadə vasitələri necə də ürəyəyatan, dolğun və mənalıdır. Bu dastandan sonra ana dilimizin elmi-fəlsəfi yüksəlişini və əqli-intellektual düşüncə tərzinin formalaşmasını Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Xətai, Kişvəri, Həbibi əsərlərində görürük. İnsanın daxili düşüncələri, qeyri-adi hissləri bu şairlərin şeirlərində qönçələnir, pöhrələyir, ətir saçır, insanı duyğulandırır, sehrləyir.

Orta əsrlərin mürəkkəb hadisələri dilimizin ağırlaşmasına, ərəb, fars dillərinin təsiri ilə həddindən artıq yüklənməsinə səbəb oldu. Məhz bu dövrün sonlarında Azərbaycan dilinin sadələşməsinin şahidi oluruq. Çünki bu dövr şifahi xalq ədəbiyyatının, eləcə də Azərbaycan xalq dastanlarının intibah dövrü idi. XVIII əsrdə Azərbaycanın ictimai xadimi və şairi Molla Pənah Vaqifin yaradıcılığında realizm, xəlqilik, sadəlik ən yüksək pilləyə çatdı. Daha sonra Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Rəsul Rza, Bəxtiyar Vahabzadə öz yaradıcılıqlarında dil məsələsinə xüsusi önəm verirdilər. Mirzə Cəlil ürək ağrısı ilə yazırdı: “Salım yadınıza ki, bu dildə analarınız sizə beşik başında laylay demişdir”.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Onun dilimizlə bağlı məşhur bir ifadəsi böyük mənalar, duyğular kəsb edir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz”.

Naxçıvan Muxtar Respublikasında da dövlət-dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Türk-islam ədəbiyyatının “Şahnamə”si sayılan “Qutadqu bilik” (XI əsr) poeması, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri”, böyük islam mütəfəkkiri Nemətullah Naxçıvaninin 3 cildlik “Əl-fəvatihü lil a h i y y ə - v ə l-mə f a ti h - ü lqeybiyyə”, 3 cildlik “Naxçıvan tarixi” kitabları, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırmışdır. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə, coğrafi ünvanlara doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir.

Dil xalqın, millətin var olmasını səciyyələndirən mühüm amildir. İncəsənətin müxtəlif sahələri – musiqi, ədəbiyyat, tarixi abidələr millətin milliliyini təsdiq edən amildir. Ancaq millətin varlığının ən vacib göstəricisi onun dilidir. Bu dilin inkişafı, dövlət dilinə çevrilməsi, siyasət aləminə yol açması bizi qürurlandırır. Dil mədəniyyətinə malik olan xalq ölməzdir. Bu, ulularımızın bizə qoruyub saxladığı ən qiymətli mirasdır. Hər kəs bu müqəddəs əmanəti qorumalı, özünəməxsus əlamətlərinə toxunmadan inkişaf etdirməli, zamanın tələblərinə uyğun istifadə etməlidir. Reklamlara, qəzet və jurnallara, televiziya verilişlərinə, elan və lövhələrə daim nəzarət edilməli, onların ədəbi dil normalarına uyğunluğu daim diqqət mərkəzində olmalıdır.

Dilimizi zənginləşdirmək hamımızın borcudur. Çalışmaq lazımdır ki, bu dilin daxili imkanları hesabına olsun. Lakin bəşəriyyətin getdikcə inkişafın ən yüksək pilləsinə çatmasını, informasiya kommunikasiya texnologiyalarının çoxalmasını nəzərə alsaq, yüzlərlə alınma sözün dilimizə “hücum çəkməsi” qaçılmazdır. İnkişaf həmişə yenilik gətirmir, eləcə də çətinlik, ağırlıq da gətirir. Hər bir Azərbaycan vətəndaşı işlətdiyi sözün mənasını anlamalı, onu yerli-yerində işlətməyi bacarmalıdır. Axı bu dil təkcə bizim deyil. Bizə çatdırılmış bu müqəddəs əmanəti biz də gələcək nəsillərə təmiz və dolğun çatdırmalıyıq. Dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dilində kifayət qədər sözlər, ifadələr, türk dillərinin halalca malı olan frazeoloji birləşmələri vardır. Əcdadlarımız bulaq suyu kimi dumduru, ana laylası qədər doğma dilimizi yad təsirlərdən qoruyub saxlamış, yaşatmış və bizlərə ərməğan etmişlər. Bu gün dilimiz mükəmməl qrammatik quruluşa, gözəl ifadə vasitələrinə, kamil normalara, zəngin üslubi imkanlara malik olan dildir. Bu dil mənim, sənin, onun, Nəsiminin, Xətainin, Vaqifin, Bəxtiyarın, Şəhriyarın və bütöv Azərbaycan xalqının dilidir.

Ana dilim, 30 il sənə həsrət qalan Qarabağda məktəblər açılacaq, nəğmələr oxunacaq, əsərlər yazılacaq. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın igid oğullarının qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan vətəndaşları öz şirin dillərində danışacaq, hər daş, hər qaya bu səsdən sevinəcək, yad dildən bezən Xarıbülbül daha da gözəl çiçəklər açacaq, bülbüllər daha həvəslə oxuyacaq. Bu dil qanadlı xəyalları, coşqun şərqiləri, dərin fikirləri özündə əks etdirir. Ana dilim şeirlə, ahənglə, musiqi ilə yoğrulub. Əsrlərin süzgəcindən süzülərək arınıb, ağır imtahanlardan keçərək bizə çatıb. Bu qiymətli incini göz bəbəyimiz kimi qorumalı, saflaşdırmalı, gələcək nəsillərə çatdırmalıyıq. Bəxtiyar Vahabzadə demiş:

Mənim ana dilim-mənim kimliyim,

Pasportum, özümə öz hakimliyim.

Məlahət Tağıyeva

Şıxmahmud kənd tam orta məktəbinin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: