Bu gün şəhid Məmmədhəsən Sadıqlının doğum günüdür - FOTOLAR
Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi (Dəmirçi kəndi 13.03.2021 tarixdən etibarən Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib) kəndində anadan olub.
1998-ci il Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib.
Məmmədhəsən 2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 2010-cu ildə isə buranı bitirərək hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbdə davam etdirib. 2014-cü ildə leytenant hərbi rütbəsini alaraq buranı da bitirib.
Xidməti dövrü ərzində Günnüt döyüşlərində fəal iştirak edib. Buna görə də 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində şəhid olmuş dostlarının, silahdaşlarının intiqamını almaq, döyüşdəki yoldaşlarını tək qoymamaq və vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ-nin heyəti ilə birlikdə Füzuli istiqamətinə yola düşür. Yanındakı döyüş yoldaşları ilə birlikdə bir neçə post aldıqdan sonra Şuşa istiqamətində hərəkət edən zaman Zərdanaşen kəndində gedən qızğın döyüşdə ağır yaralanır və oktyabrın 27-si şəhid olur. Qəhrəman vətən oğlu Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Məmmədhəsən Sadıqlı 2014-cü ildə ailə həyatı qurub. Uğur adında bir övladı var.
Əbədiyaşar qəhrəman ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.