Düzgün informasiyanı haradan və necə toplamalı?-Məsləhət

A- A A+

Hamı yaxşı bilir ki, indi dünyada ən mühüm olan amillərdən biri də informasiya və ya məlumatdır. Hətta müasir dövrün adamları belə bir atalar sözü də işlədirlər: “İnformasiyaya sahib olan dünyanın da sahibidir”. Geniş mənada səslənsə də, bu ifadədə informasiyanın gücü aydın görünür. İnformasiya ilə işləmək vərdişləri və prinsipləri bir çox sahələrə aiddir. Bu sahələrdən bəziləri məxfilik, bəziləri məhdud ortam, bəziləri isə hamı - geniş auditoriya üçündür. Təbii ki, geniş auditoriya üçün məlumat toplayanlar dedikdə birmənalı şəkildə göz önünə  jurnalistlər gəlir. Çünki informasiya olmasa, jurnalistika da, demək olar ki, yoxdur. KİV-də təqdim edilən hər bir yazının, məqalənin, verilişin, radio proqramlarının, hətta musiqinin belə arxasında informasiya vermək məqsədi dayanır. Yəni fakt olmasa, bütün bunlar da olmaz. Bütün bunların hazırlanan materialda yoxluğu sadəcə uğursuz cəhddir. Deməli, hər bir KİV məhsulunun özülündə fakt-məlumat dayanır. Ali təhsil ocaqlarında peşəkar jurnalist yetişdirmək üçün sərf edilən vaxtda hər bir fənnin məqsədi mütləq informasiyanın düzgün toplanması və təqdimatına xidmət edir. Bu istiqamət düzgün təyin edilib seçilərsə, onda həmin təhsil ocağını bitirən tələbə gələcəkdə yaxşı və sanballı jurnalist ola bilər. Beləliklə, ilk növbədə ümumi biliklərlə yanaşı, tələbə-jurnalistlərə faktla işləməyi öyrətmək də vacibdir. Amma o da var ki, faktlarla, informasiya ilə işləmək özü ayrıca bir bacarıq tələb edir. Bəlkə də bu bir istedaddır.  Bu cür bacarığı olan insanlar jurnalistika ixtisasını bitirməyə də bilərlər. Bununla bağlı yetərincə faktlar var. Yəni bu gün tanıdığımız və hörmət etdiyimiz jurnalistlərin sırasında qeyri-ixtisasdan bu sahəyə gələnlər az deyil. Lakin yenə də təməl biliklər verilən ixtisaslardan bu sahəyə gələnlərin uğurları daha çoxdur.

Hər bir jurnalist uğur qazanmaq üçün faktlarla işləməyi, hətta onu tapmağı bacarmalıdır. Bu gün etiraf edək ki, informasiya bolluğu yaradan müasir texnologiyaların fonunda izləyici və ya tamaşaçını heyrətləndirmək çətin məsələdir. Peşəkarların rəqibinə çevrilən smartfonlar-ağıllı telefonlar və sosial şəbəkələr indi jurnalistlərdən daha çevik düşüncə və inadla axtarılan dəqiq fakt tələb edir. Digər tərəfdən ölkədəki söz və fikir azadlığı nəticəsində yaradılan çoxsaylı informasiya resursları xəbərlərin daha tez kim tərəfindən verilməsi ilə bağlı əsl rəqabət savaşı diktə edir. Bəzən bir xəbər o qədər müxtəlif mənbələrdə paylaşılır ki, onun ilkin müəllifini tapmaq çətin olur. Təbii ki, burada qazanan izləyici, oxucu, tamaşaçıdır. Amma uduzan jurnalistdir. Daha dəqiqi, informasiya sahəsində çalışan adamlardır. Yəni onlar axtarıb tapır, faktı işıqlandırır, izləyici marağını xəbərə  cəlb edir, sonra isə başqaları onun bu zəhmətinə şərik çıxırlar. Bunun üçün də qəbul edilən qaydaya görə xəbərin mənbəyi mütləq bildirilməlidir. Gənc jurnalistlər və qeyri-peşəkarlar çox zaman bu barədə əsl mənada  əziyyət çəkirlər. Bütün sahələrdə olduğu kimi informasiya istiqamətində də yaxşı mənada bir “tez xəbər çatdırma” savaşı olmalıdır. Hər kəs öz xəbərini hamıdan birinci təqdim etməyi özünün peşə prinsipi hesab etməlidir. Düzdür, dədiqləşdirilməyən, heç bir rəsmi mənbəsi olmayan xəbərləri yayımlamaq KİV-ə və onun mənsubuna ancaq etibarsız mənbə, qərəzli jurnalist adı qazandırar. Bunun üçün də obyektivlik və dəqiqlik əsas prinsip kimi bu hallarda operativlikdən öndə getməlidir.

Xəbərlərin və informasiyanın əldə edilməsi üçün mütləq peşəkar vərdişlərə sahib olmaq lazımdır. Bunun üçün peşəkar jurnalistlərin “öz informasiya mənbələri” olur. Həmin mənbələr tərəfindən onlara mütəmadi olaraq maraqlı xəbərlər ötürülür. Bəs bu sahədə təcrübəsi olmayanlar, gənclər  necə etməlidirlər?  Geniş kütləyə təqdim ediləcək informasiyanı toplamağın yollarından biri mətbuat xidmətlərinin yaydığı məlumatlardır. Onlar tam rəsmi və birinci mənbə sayılır. Amma bu qurumlar yaydığı məlumatlarda birmənalı şəkildə öz işlərini göstərmək, geniş auditoriyaya təqdim etmək məqsədi daşıyırlar.  Bunun üçün də jurnalistlər onların təqdim etdiyi yazılarda daha çox oxucu, izləyici və tamaşaçı üçün maraqlı olan məqamları axtarıb tapmalı və ipucu olaraq da bu informasiyaların üzərində işləməlidirlər. Digər yollardan biri yuxarıda qeyd etdiyimiz kimi başqa informasiya mənbələridir. Amma burada da informasiyanı (rəsmi qurumların xüsusi əhəmiyyətli məlumatları istisna olmaqla),  kiminsə təqdim etdiyini olduğu kimi “copy-paste” edib vermək yox, özünəməxsus şəkildə, necə deyərlər, “özününküləşdirərək” təqdim etmək lazımdır. Belə olan halda informasiya təkrar xəbər deyil, yenidən işlənərək faktın, hadisənin mühüm məqamlarını daha geniş əhatə edən məlumata çevrilir.

İndi bu sahədə öz işlərini bir qədər təkmilləşdirənlər sosial şəbəkələrdən bu informasiyaları ustalıqla “tuturlar”. Ona görə də yeni  başlayanlar bu təcrübədən istifadə edə bilərlər.  Son illər sosial şəbəkələrin sərbəstliyi hər kəsin gördüyünü, çəkdiyini, yazdığını və hətta düşündüyünü də ictimaiyyətə adi hal kimi təqdim etməyə geniş imkan yaradır. Nəticədə isə multimediya funksiyaları – video, audio, infoqrafika və digər üstünlükləri olan istifadəçi özünün sosial şəbəkə hesabında qəzetə, televiziyaya, radioya və digər imkanlara sahib olduğunu göstərir. Yəni indi sosial şəbəkə fərdin televiziyası, radiosu və qəzetidir. Orada istədiyi hadisəni, məlumatı, informasiyanı sərbəst şəkildə yayır. Düzdür, rəsmi mənbəyi olmayan bu məlumatlar, yazılar, fotolar qeyri-peşəkar şəkildə təqdim edilir. Amma kütlə bunu bilmir və onun üçün ən önəmlisi yeni nə isə əldə etməkdir.  Belə olan halda peşəkar jurnalistlər bu informasiyaların içərisində qeyri-peşəkarların hiss etmədiyi xəbər mövzusunu yaxşı bilməli və onu sanballı məlumata çevirməyi bacarmalıdır. Artıq sosial şəbəkələrdə yayılan bu cür videoların sonradan televiziya proqramlarında və rəsmi informasiya agentliklərinin səhifələrində daha yaxşı işlənərək təqdim olunmasının şahidiyik.      

Müasir texnologiyanın sayəsində indi həddindən artıq informasiya bolluğu və rəqabət yaranıb. Amma bunların arasından cəmiyyət və insanlar üçün faydalı olanını seçmək məsuliyyəti yenə də jurnalistlərin öhdəsinə qalır. Yəni özünü peşəkar sahədə sınayan və jurnalist hesab edən hər kəsdən informasiyanı toplamaqla yanaşı, onun əhəmiyyətli olub-olmamasını seçmək və bu cür vərdişlərə, iş prinsiplərinə yiyələnmək də tələb olunur. Əks halda “çevir tatı, vur tatı” ilə heç bir informasiya rəqabətində qalib gəlmək olmaz.

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: