Naxçıvan Muxtar Respublika Kitabxanasında Ana Dili Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.
“Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir” mövzusunda keçirilən tədbirdə kitabxananın direktoru Tamella Əsgərova qeyd edib ki, ölkəmizdə ana dilimizin qorunması, zənginləşdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atılır.
Çağdaş Azərbaycan dilinin aktual problemlərindən bəhs edən filologiya elmləri doktoru, professor Sədaqət Həsənova bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması məqsədilə mühüm qərarlar qəbul edib, dil siyasəti ölkəmizdə əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, zənginləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı da dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə kitabxananın əməkdaşları Yeganə Rüstəmova və Vəsilə Cəfərovanın çıxışları dinlənilib.
Tədbirin sonunda kitab sərgisinə baxış olub.
Adilə Səfərova