Xocalı faciəsi xalqımızın mübarizlik nümunəsidir

A- A A+

Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarixi kökü etibarilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi-Şərq məsələsinin həyata keçirilməsi üçün uydurulmuş, əslində mövcud olmayan “erməni məsələsi” ilə bağlıdır. Şərq məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törətmişlər. Hələ ötən əsrin əvvəllərində Mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

XX əsrin əvvəli Azərbaycan xalqı üçün qanlı olduğu qədər sonu da eyni ssenari üzrə qurulmuş hadisələrin təkrarı ilə yaddaşlarda qaldı. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmiş, kəndlər, şəhərlər dağılmış, on minlərə günahsız insan öldürülmüş, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşmüşdür.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Ötən  əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi məhz Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup muzdur dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini qəddarlıqla qətlə yetirmişlər.

Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil.

Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çox saylı qətllərlə kifayətlənməmiş, sağ qalmış insanlar üzərində də tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini bir daha təsdiqləyir.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirərək demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Son 30 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır.

Xocalı  faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə təkan verdi.

Tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımı xalqımızın mübarizə əzmini daha da möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. İndi məlum olur ki, faciəni törətməklə erməni daşnaqları Azərbaycanlıları qorxutmaq, bizi itirilmiş torpaqlarımızın itkisi ilə barışmağa, qorxulu erməni mifi yaratmağa hesablanmışdır. Lakin əminliklə demək olar ki, həmin dövrdə qaçqın düşən uşaqlar, yaxınları faciə qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər.

Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən bu məqsədlə, ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr müxtəlif tədbirlər çərçivəsində yeniyetmə və gənclərə çatdırılıb, onlarla bu barədə maarifləndirici söhbətlər aparılıb. Ötən ildə də qurum tərəfindən “26 fevral- Xocalı Soyqırımı”nın 29-cu ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib, filmlər nümayiş etdirilib. Bu il də  Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti 28 yanvar 2022-ci il tarixdə Sərəncam imzalayıb. Həmin sərəncama əsasən törədilən soyqırımın otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb.  

Qeyd edək ki, Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu zamanı, o cümlədən muxtar respublikamızda Sədərək döyüşlərində yüzlərlə vətən övladı vətənin müdafiəsinə qalxıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Bu gün artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Belə ki, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi və 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan ordusunun əldə etdiyi  tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik idi. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi.

Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. Bu qələbə respublikamızın nəinki regionda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. Vətən müharibəsində də öz canları, qanları bahasına döyüşən hərbçilərimiz  məhz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Vətən qarşısında onların xidməti danılmazdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, canları bahasına bizə qələbəni bəxş edən bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və həmin torpaqlarda artıq üçrəngli bayrağımız dalğalanır. Bu gün hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişmişdir.

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: