Piyada keçidlərində qəzalara səbəb olan əsas amillər nələrdir? - FOTOLAR

A- A A+

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsi üzrə işlər təkmilləşməklə paralel olaraq yol infrastrukturu da daim inkişaf etdirilir, yeni yollar çəkilir, yol şəbəkəsi genişləndirilir. Bunların da ən bariz nümunəsi kimi Naxçıvan şəhərində küçə və yolların müasir standartlara uyğun yenidən qurulması, yol örtüyünün yenilənməsi, rayonlarda yerli əhəmiyyətli yollara asfalt örtüyün salınması və digər bu kimi işləri göstərmək olar. Və bütün bunlar da yol hərəkəti təhlükəsizliyinin təmin olunmasını ön plana çəkir. Təəssüflər olsun ki, hələ də bəzi piyadaların xaotik hərəkəti  gözə çarpmaqdadır, yəni piyadalar arasında keçidlərə, işıqforların siqnallarına məhəl qoymayanlar, ümumiyyətlə yol hərəkəti qaydalarına əməl etməyənlər də var. Amma bununla yanaşı qaydalara riayət edən piyadalarımız da kifayət qədərdir.

Piyadalar yol hərəkətinin ən intensiv və eyni zamanda ən zəif iştirakçıları olduğundan “Yol hərəkəti haqqında”  Qanunun 40-cı maddəsində nəzərdə tutulan vəzifələri şərtsiz icra etməlidirlər. Yəni piyadalar küçə və yollarda hərəkət zamanı səkilərlə və ya yolun çiyni ilə hərəkət etməli, qarşıdan qarşıya keçdikləri zaman isə mütləq piyada keçidlərindən və ya piyada zolaqlarından istifadə etməlidirlər. Piyada keçidi dedikdə yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulmuş sahə və ya mühəndis qurğusu nəzərdə tutulur.  Başqa sözlə ifadə etsək, piyada keçidi piyadalar üçün nəzərdə tutulmuş bir yoldur. Piyada keçidləri yolun hərəkət hissəsi ilə eyni səviyyədə kəsişən və kəsişməyən ola bilər. Eyni səviyyədə kəsişməyən piyada keçidlərinə yerüstü və yeraltı piyada keçidlərini misal çəkmək olar, hansı ki Naxçıvan şəhərində hərəkət intensivliyi yüksək olan müxtəlif küçələrdə bu tip piyada keçidləri artıq tikilib piyadaların istifadəsinə verilib. Piyada keçidlərinin ikinci bir növü isə yolun hərəkət hissəsi ilə eyni səviyyədə kəsişən piyada keçidləridir ki, bunlar da öz növbəsində nizamlanan və nizamlanmayan olmaqla iki yerə ayrılır. Piyadalarla bağlı əsas problem yolun hərəkət hissəsi ilə eyni səviyyədə kəsişən nizamlanan və nizamlanmayan piyada keçidlərində piyadaların intizamsız hərəkətidir. Hər bir piyada bilməlidir ki, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək olan məsafəni, onların hərəkət sürətini qiymətləndirdikdən sonra çıxmalıdıır. Düzdür, nizamlanmayan piyada keçidlərində hərəkət üstünlüyü piyadalara verilir. Ama bununla belə piyadalar da ehtiyatsızlığı əldən verməməli, qeyd olunan tələblərə əməl etməlidir. Çünki piyada “yol mənimdir” deyib yaxınlaşmaqda olan nəqliyyat vasitəsini diqqətdə saxlamasa, sürücünün ehtiyatsızlığı səbəbindən və yaxud nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəbindən təhlükəyə məruz qala bilər. Ona görə də hər bir halda piyadalar nizamlanmayan piyada keçidlərində hərəkət zamanı xüsusilə diqqətli olmalı, sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməli, görünmə zonasında piyada keçidi və ya yolayrıcı olmadıqda isə yolu hər iki tərəfdən yaxşı görünən hissəsindən düzbucaq altında keçməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar.

Unutmayaq ki, hər bir vətəndaş intizamlı olmaqla və yol hərəkəti qaydalarına əməl etməklə həm özümüzü, həm də ətrafdakı insanları qorumuş olur.

 Polis kapitanı Ayaz İsmayılov

 DİN-in DYPİ-nin Təbliğat üzrə baş inspektoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: