Gənc yazıçı Sabrina Mədətova 4-cü kitabı ilə oxucuların görüşünə gəlib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayon Aralıq kənd tam orta məktəbində məktəbin şagirdi, gənc şair Sabrina Mədətovanın “Mənim doğma Naxçıvanım”  adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, bu gün məktəblilər arasında gənc istedadlar, yazıçı və şairlər var. Onlar yaradılan şəraitdən istifadə edərək bu yolda ilk addımlarını atırlar. Belə gənclərdən biri də Aralıq kənd tam orta məktəbinin IX sinif şagirdi Sabrina Gültəkindir. Artıq o, 4-cü kitabı ilə oxucuların görüşünə gəlir. Heyran Əhmədova bu görüşün yaradıcılığa, şeir yazmağa meyli olan məktəblilərə stimul verəcəyinə inamını bildirib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Hüseyn Əsgərov, Elxan Məmmədov, Şərur rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov və Aralıq kənd tam orta məktəbinin direktoru Elsevər  Əliyev anaya, vətənə, torpağa bağlılıq hissləri ilə şeir yazan Sabrina Mədətovanın yaradıcılıq fəaliyyətini müsbət qiymətləndirib, ona bu yolda uğurlar arzulayıblar.

Sabrina Mədətova yeni əsərləri ilə bağlı fikir və düşüncələrini bölüşüb, yaxşı təhsil alması üçün yaradılan şəraitə görə, yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən şagirdlər gənc şairin şeirlərindən bir neçəsini bədii qiraət ediblər. Müəllif yeni kitabını tədbirdə iştirak edən şagirdlərə hədiyyə edib.

                                                                       Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: