Zəmanəmizin “Saqqallı uşaq”ları - FOTOLAR

A- A A+

Allah sənə rəhmət eləsin, Mirzə. Fikrim başqa bir mövzuya kökləndiyindən dünən doğum gününü təbrik etməyi unutdum. Amma sağ olsun, günün sonuna doğru "Saqqallı uşaq" səni mənə yenidən xatırlatdı və sənə rəhmət oxudum. İşdən evə dönərkən yorğun olmağıma baxmayaraq ayaqlarım urəyimə tabe olub məni məhəlləmizin lap yaxınlığında yerləşən Naxçıvanqalaya apardı. Gün batımını çəkmək istədim, pillələrlə qalanın yuxarısına qalxdım, bir neçə foto çəkəndən sonra qalanı dolaşdım. Bu an gözümə boya ilə, daşla cızılmış yazılar və hərflər dəydi. Bu cızma-qaraları qala bürclərinin bir neçəsində müşahidə etdim. Həmən böyük yazıçı Cəlil Məmmədquluzadənin o məşhur "Saqqallı uşaq" hekayəsi yadıma düşdü. Hekayənin qısa məğzi belədir ki, savadı olmayan Kəblə Əzim satdığı məhsulların hesabını unutmamaq üçün bir növ məcbur qalıb divara şəkillər vasitəsilə qeyd edir. Kəblə Əzimin dövrünə görə bisavad olması təəccüblü deyil, təəccüblü olan odur ki, Kəblə Əzim zəmanəmizə qədər gəlib çıxıb. Necə, nə cür? Artıq divar yazıları "məzlum"u ələ verir. Müasir dövrün Kəblə Əzimi hesabı bilməyəcək qədər bisavad ola bilməz. Bəs nədir onu divarları yazmağa sövq edən? Baş hərfləri yazmaqla və ya ürək şəkli çəkməklə guya sevdiyi qıza sevgisini izhar edir, lap daş dövrünün adamı kimi... Qəlbinə sevgisini yaza bilməyənlərin daş "sevgi"sinə inanacaq kəslər hələ də varsa, bu da başqa bir mövzudur. İmkanım daxilində olsaydı, tək-tək silərdim divardan o yazıları. Amma elə dərin cızılmış ki, təəssüflənməkdən və qeyzlənməkdən başqa əldən çarə gəlməz. Bir xeyli deyinib düzəldim yola. Yazıb paylaşmaq istədim ki, bəlkə o divar yazıçılarından hansınınsa rastına çıxa. Məlum məsələdir ki, bunların hamısın bir nəfər yazmayıb, öncə biri yazıb, digərlərinə pis örnək olubdur. Mühafizə olunmasına baxmayaraq ilk fürsətdə divara əl qatanlar məsələnin mənəvi tərəfini ya unudurlar, ya da bixəbərdirlər. Elə isə biz yazaq, yaddaşları təzələyək. Əvvəla Naxçıvanqala VII əsrin yadigarıdır, tarixdir, milli dəyərdir, sıradan bir divar deyil. İkincisi, bu qala bir neçə ildir ki, mötəbər beynəlxalq tədbirlərin, festivalların ünvanına çevrilib. Hər il qalada müxtəlif səpkili kütləvi-mədəni tədbirlər keçirilir. Bu festivallar yerli əhali ilə yanaşı, xarici turistlərin maraq dairəsində olur. Həm festivalda iştirak edir, həm qalanın simasında qədim Naxçıvanımızla tanış olurlar, foto, video çəkib şəxsi səhifələrində paylaşırlar. Bir sözlə, özündə böyük bir tarixi ehtiva edən Naxçıvanqala milli dəyərlərimizin, mətbəx mədəniyyətimizin, folklor nümunələrimizin təbliğ olunduğu məkandır həm də. "Saqqallı uşaq"lar, siz heç görmüsünüzmü bu ərazilərin əvvəlki halını? Hər halda görməmisiniz, əks halda daş qəlbiniz ustaların min bir əziyyətlə bərpa etdikləri o daş qalaya yapışardı. Sovet dövründə tarixi abidələrimizə laqeydliyin təzahürü kimi Naxçıvanqala da dağıdılmış, ərazisini kol-kos basmışdı. Şüşə qırıntılarından və kol-kosdan qalanın sağ qalmış divar və bürclərinə yaxınlaşmaq müşkülə çevrilirdi. Dövlətimizin tarixi abidələrə qayğısından pay alan Naxçıvanqala da sənətkarların min bir zəhmətilə bərpa olundu. Bu gün qalanın qapıları hər kəsin üzünə açıqdır. bura şəhərimizə gələn qonaqlara fəxrlə göstərə biləcəyimiz ünvanlardandır. Tarixi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Daşı daş üstünə qoya bilmirsinizsə, bunu edənlərin əməyinə hörmət edin. Tarix yaza bilmirsinizsə, yazılanları, yaradılanları qoruyun. Öz uşaq vərdişlərinizdən əl çəkə bilmirsinizsə, "sevgi"nizi evinizin divarlarında izhar edin. Xalqın sərvətinə kimsənin toxunmağa haqqı yoxdur!

 

                                                                       Ruhiyyə Rəsulova

                                                  Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: