Şəhadəti ilə ölümsüzlüyə qovuşan igidimiz, doğum günün mübarək! - Mərhəmət Həmzəyev - FOTOLAR

A- A A+

Keçili Şahbuz rayonunun ucqar dağ kəndidir. Əzəmətli dağları kimi mərd, cəsur insanları ilə sayılıb, seçilib tarixən. Ailənin böyük oğlu olan Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. Keçili kənd tam orta məktəbinin 8-ci sinfini bitirən Mərhəmət sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verir. İmtahandan müvəffəqiyyətlə keçib Hərbi liseyin kursantı adını qazanan Mərhəmət öz təlim-tərbiyəsi, biliyi ilə müəllim və zabitlərinin rəğbətini də qazanır. 2015-2019-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbini bitirib hərbi hissələrin birində xidmətə başlayır.

Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərə atılan leytenant Mərhəmət Həmzəyev əsgərləri ilə birlikdə şücaət göstərir. 3 yaralı yoldaşını döyüş meydanından çıxarsa da, özünü xilas edə bilmir, düşmən gülləsinə tuş gəlir. Oktyabr ayında şəhadətə qovuşsa da, nəşi tapılmır. İtkinlər siyahısında olan Mərhəmət Həmzəyevin nəşi tapılaraq dekabrın 22-də doğulub boya-başa çatdığı Keçili kəndinə göndərilir.

Mərhəmət Həmzəyev, həmçinin Tovuz döyüşlərinin də iştirakçısı olub. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəmanın xatirəsini yaşatmaq üçün Keçili kəndində bir bulaq abidə inşa edilib. Şəhid Mərhəmət Həmzəyevin xatirəsinə tikilmiş bulaq abidədə Naxçıvandan olan bütün şəhidlərin fotoları da yer alır.

Bu gün şəhidimizin doğum günüdür. Şəhadəti ilə ölümsüzlüyə qovuşan igidimiz, doğum günün mübarək!

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: