Polis kursantların ekspertiza sahəsində bilikləri təkmilləşdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ekspertləri Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları ilə görüşüb. Ekspertlər polis kursantlara məhkəmə-ballistik ekspertizasının tarixi və ekspertizanın aparılması yollarını izah ediblər.

Görüşdə çıxış edən Polis məktəbinin rəis müavini, polis mayoru Fariz Nəsirov Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, mərkəzin əməkdaşları ilə görüşlər mütəmadi olaraq keçirilir ki, bu da öz nəticəsini kursantların iş fəaliyyətində göstərir. Belə ki, ötən mühazirələrdə iştirak edən kursantlar artıq əldə etdikləri bilik və məlumatlardan müvafiq sahələr üzrə yararlanır, öyrəndiklərini xidməti dövrlərində tətbiq edirlər.

Mərkəzin ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski məhkəmə-ballistik ekspertizasının anlayışı, tədqiqat obyektləri, həll etdiyi məsələlər, barıtın və odlu silahların ixtirası, ilk nümunələri və onların təkamül prosesi ilə bağlı kursantlara ətraflı məlumat verib. Ekspert, həmçinin ballistik tədqiqatlar aparılaraq silahların tətbiqi ilə törədilən bəzi cinayət faktlarının açılması və təqsirli şəxslərin ifşa olunması nümunələrini izah edib. Kursantlara slayd vasitəsilə məhkəmə-daktiloskopik ekspertizasının anlayışı, həll etdiyi məsələlər və insan izlərinin tədqiqi barədə də məlumat verilib.

Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev ekspertizaların aparılması qaydaları və əməliyyatlarda sübutların, əl-barmaq izlərinin götürülməsi ardıcıllığını kursantlara izah edib.

Sonda kursantlara məhkəmə-ballistik ekspertizasının tarixi mövzusunda videoçarx nümayiş etdirilib və kursantları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, fevralın 7-də muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti barədə keçirilən müşavirədə Daxili İşlər Nazirliyində kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılmasının nəzarətdə saxlanması, şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirilməsi, müsbət təcrübənin yayılmasının təşkil olunması, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından  istifadə edilməsi ilə bağlı tapşırıqlar verilib.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: