Mən istəyirəm:
buludlar ağlasın, uşaqlar ağlamasın -
analı, ya anasız!
Mən istəyirəm:
güllər açılsın, güllələr açılmasın -
amanlı, ya amansız!
Mən istəyirəm:
qapılar qapansın soyuq olanda hava -
gözlər qapanmasın,
sözlər qapanmasın!
Mən istəyirəm:
yanğınlar sönsün, ümidlər sönməsin!
Meyvələr dəysin öz fəslində,
Bəhər - meyvə, məhsul
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin,
insan başı əyilməsin
xəcalətdən, ya gücsüzlükdən!
Axsın bulaqlar göz yaşı kimi
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın,
insan ələ baxmasın!
Gecələr ulduzlar oyaq olsun,
insanlar yatıb dincəlsin!
Qüvvət toplasın sabahın xeyirli işlərinə!
Açsın gözlərini gələcəyin ümidli səhərinə!
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
Ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!