Turistlərin maraqla üz tutduğu məkan-Batabat

A- A A+

Turizmin inkişaf proqramının ən mühüm tərkib hissələrindən biri regionda əsrarəngiz gözəlliklərin və təbii ehtiyatların, tarixi abidələrin olmasıdır. Turistlərin maraqlı regionlarda istirahət etməsi, vəsait xərcləməsi, tarixi abidələrlə tanış olması həm də o yerin təbliği, tanınması deməkdir. Bu mənada demək olar ki, ilin bütün fəsillərində təbiətdən zövq almaq istəyənlərin üz tutduğu məkanlardan biridir Batabat yaylağı. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev muxtar respublikada olarkən Batabat yaylağını gəzmiş və insanlarla görüşündə belə bir təbiət mənzərəsinin dünyanın heç bir yerində olmadığını vurğulamışdır. Şahbuzlularla görüşlərinin birində Batabatın, Zorbulağın, onun gülünün-çiçəyinin, “Üzən ada”sının gözəlliyindən danışaraq demişdir: “Doğrudan da Şahbuz rayonunun Batabat yaylağı gözəlliklər məskənidir. Turizm üçün əlverişlidir. Təmiz havası, gülü-çiçəyi can dərmanıdır. Belə bir yerdə yaşamaq doğrudan da böyük xoşbəxtlikdir. Mənfur qonşularımız ona görə bizim torpaqlarımıza göz dikirlər ki, onlar belə gözəllikləri Ermənistanda deyil, Azərbaycanda görürlər. Bu yerlər Tanrının bizə bəxşişidir.”

Qeyd ertmək yerinə düşər ki, Batabat yaylağı ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 16 iyun tarixdə imzaladığı Fərmanla qoruq elan olundu. Elə həmin vaxtdan Batabatın gözəlliyi, zəngin flora və faunası qorunmağa başladı.

Dağların əhatəsində yerləşən, memarlıq abidələri, nadir heyvan və bitkiləri ilə zəngin qoruğu, təmiz havası, min bir dərdin dərmanı olan mineral suları, müalicəvi əhəmiyyətli bitkiləri ilə həmişə seçilib bu ideal məkan. Ona görə də bu füsunkar bölgənin mövcud olan turizm potensialı onu həmişə qonaqlı-qaralı edib. Tanrı bu təbiət gözəlindən heç nəyini əsirgəməyib. Yaylaqda istər coğrafi, istər təbii, istərsə də insan zəhmətilə yaradılan hər bir şərait olduğundan bura üz tutan turistlər hər dəfə bu yerdən xoş təəssüratla və razılıqla ayrılırlar.

Son illərdə muxtar respublikamızın turizm üçün əlverişli olan dilbər guşəsi Batabatda bu sahənin inkişafı üçün zəruri tədbirlər həyata keçirilib. Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun yenidən qurulması, yol kənarına tinglərin nizamla əkilməsi, tullantılarla natəmizlik yaradılan ərazilərdə səliqə-sahmana, təmizliyə diqqət yetirilməsi, qonaqların mənalı istirahəti üçün yerlər ayrılması, əyləncəsi üçün lazımi şərait yaradılması həyata keçirilən tədbirlərin bariz nümunəsidir.

Etnik turizmin inkişafında daha çox rolu olan Batabat hər il olduğu kimi, bu il də qonaqların isti yay günlərində daha çox üz tutduğu istirahət ünvanı olub. Geniş meşələri, düzləri, enişli-yoxuşlu, dərəli-təpəli yerləri Batabata turist axınını çoxaldıb. Bunu səhərin erkən saatlarından rayon ərazisindən Batabata doğru şütüyən maşınların say çoxluğu da təsdiq edir. Yaşıllığa qərq olan bu diyarın dağlardan süzülüb gələn saf, təmiz, sərin suları onun cazibədarlığını birəbeş artırıb. Getdikcə üzü yuxarı-dağlara sarı dolanbac yollarla Batabat yaylağına gedən yolçular həsrətlə mərcangözlü Batabatın Zorbulağına, Üzən adasına çatmaq istəyirlər. Həmişə qonaqlı-qaralı olan Zorbulağa uzanan yolun kənarlarında da istirahət üçün guşələr yaradılıb. Adı dillər əzbəri olan Zorbulaqdan üzüaşağı pillə-pillə olan düzənlərdə Tanrının sığal çəkə-çəkə yaratdığı gözəlliklər bəlkə də bənzəri olmayan bir təbiət mənzərəsidir. Unudulmaz nəğməkar şairimiz İslam Səfərli Batabata qonaq olduğu belə günlərdən birində yazmışdı:

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyridib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə olan Batabatın coğrafi mövqeyinin göy cisimlərinin tədqiqi üçün də əlverişli olması sovet dönəmlərində burada rəsədxananın fəaliyyət göstərməsinə səbəb olmuşdur. Elə buna görə də turistlər uzun illər öncə də buraya dünyanın müxtəlif yerlərindən gəlmişlər. Burada Batabat Astrofizika Rəsədxanası üçün yeni inzibati binanın istifadəyə verilməsi bu yaylağa diqqətin daha çox artırılmasına səbəb olub. Gələn turistlər rəsədxanada quraşdırılan cihazlar vasitəsilə göy cisimlərini seyr etmək imkanına sahibdirlər.

Bu gün soydaşlarımızın İrandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan və dünyanın bir çox başqa ölkələrindən istirahət etmək üçün Batabata gəlməsi rayonumuzda turizmin ilbəil genişlənməsinə və imkanlarının artmasına səbəb olub. Çünki ilin bütün fəsillərində, xüsusilə də yazda və yayda uzaq-uzaq ölkələrdən Batabata gələn qonaqların özləri bu yerlərin gözəlliyi haqqında təbliğat aparırlar.

Gölləri sonalı, dağları dağ qoçu, dağ keçisi, dərələri güllü-çiçəkli Batabatın turizm mərkəzi olması üçün Muxtar Respublika Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Batabat yaylağında insan əli, zəhməti ilə böyük tikinti işləri aparılıb. Burada müxtəlif təyinatlı inzibati binaların müasir layihə əsasında tikilib istifadəyə verilməsi, hər bir turistin istirahəti, əyləncəsi, burada qalması üçün yüksək səviyyəli şəraitin yaradılması bir daha onu göstərir ki, Batabat yüzlərlə, minlərlə turistin arzuladığı bir ünvandır.

Elə hər il istirahət üçün Batabata yolunu salan turistlərdən Qərib Xəlilzadənin də dediyi fikirləri xatırlatmaq yerinə düşər:

-Bir vaxt vardı ki, insan sevgisinə həsrət qalan bu yaylağın-Batabatın sanki sahibsizliyi onun mənzərəsində əks olunurdu. Natəmizliyi, dar döngəli yolları və ətraf kəndlərdəki sakinlərin təbiətə qənim kəsilməsi ürəkləri ağrıdırdı. Öz-özümə sahibsiz yurd yerlərinin, yaylaqlarımızın halına acıyaraq düşünürdüm ki, görəsən hansı yolla Tanrı bəxşişi olan bu gözəllikləri xilas etmək olar. Dədə-baba ocaqlarına olan qayğısızlığı görməmək üçün də çalışırdım ki, bu yerlərə gəlməyim. Lakin yurdumuza sahib çıxanların qayğısı ilə elimizin-obamızın bu qədər dəyişməsi mənim kimi yüzlərlə xaricdə yaşayan həmyerlilərimizin ürəyini dağa döndərir. Əgər boz dumanı əlçim-əlçim Batabata sarı yollansaq, şöhrəti ellərə yayılmış yaylağın qonaqlarını “salamlayan” “Söyüdlü” bulaq-abidəsinin ətrafında ayaq saxlayarıq. Üzü dağlara sarı qıvrılan şümşad yolla yuxarı qalxdıqca adamı heyrətləndirən təbiət mənzərələri bizi “Zorbulağa” kimi öz sehrinə salar. Burda ayaq saxlayarıq. Çopur qayaların daş sinəsindən üzüaşağı süzülüb yerin köksündə çağlayan bu bulağın da ətrafında yaradılan istirahət guşəsinin qonaqların sevimli yerinə çevrildiyini ətrafındakı qələbəliklə seyr edərik. Gözəllik görmək eşqinə səmtimizi dəyişib Şahbuz Dövlət Təbiət Qoruğu ərazisinə üz tutsaq, burada da gözümüz axtaran gözəllik içərisində könlümüzə sərinlik gətirən bulaq-abidədən bir qurtum su içərik. Qoruğun inzibati binası qarşısında, həmçinin yaylağın adı ilə adlandırılan “Batabat” restoranının həyətində yaradılmış bulaq-abidələr də ilboyu çağlayır. Gəzdiyim, gördüyüm gözəlliklər sərhəd kəndlərimizə qədər gedib çıxıb. Quruculuq işləri aranlı-yaylaqlı Batabatın dağlarını, dərələrini də urvata mindirib, bizə sevdirib. Qürbət eldə yaşasaq da, bu yerlərin gözoxşayan yaylaqları, dillər əzbəri olan yurdumuzun dövlət qayğısı ilə yeniləşməsi, inkişafı bizi özünə sarı çəkir. Ölkəmizin bir parçası olan Şahbuzda, Batabatda bu qədər gözəlliklərin yaradılmasına heyrət edirəm...

           

Hafizə Əliyeva

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: