Naxçıvanı qürurla paylaşırıq... - FOTOLAR

A- A A+

Bu qürurdan qanad bağlamışıq, gözəlliyinə vurulmuşuq Naxçıvanın. Biz Naxçıvan sevdalıyıq. Elimizi, obamızı qarış-qarış gəzirik. Gördüklərimiz qəlbimizi iftixarla doldurur. Belə məmləkətdə yaşamağımızla fəxr edir, diyarımızın bugünkü qüdrətindən güc alırıq. Bu düşüncələrlə 19 fevral tarixində muxtar respublikanın ən fəal sosial şəbəkə istifadəçiləri ilə birlikdə Naxçıvan şəhərindən Şahbuz rayonunun Ağbulaq kəndinə yola çıxdıq. Hamar yolları, yolboyu müasir tikililəri gördükcə heç bir zaman geri qayıtmağını istəmədiyim keçən əsrin 90-cı illəri yadıma düşdü: Naxçıvan şəhərindəki internat məktəbində oxuduğum o çətin illər. Heç yadımdan çıxmaz, müəllimimiz şagirdlərə “Bizim şəhər” adlı inşa yazmağı tapşırmışdı. Həmin gün lampa işığında ağ vərəqə nə yazacağımı saatlarla düşündüm. Quruca adı olan boynubükük şəhərdən nə yazasan axı... Naxçıvanın uçuq-sökük, alçaq möhrə divarları arasında keçən, toz-torpaqlı, həm də palçıqlı dar küçələrini necə ifadə edəsən? Şükürlər olsun ki, bunlar dünəndə qalıb. İndi biz blokada informasiyasını yaran Naxçıvanımızı dünyaya tanıdırıq. İstisi, qazı olan rahat evlərdə yaşayırıq, əlimizdə mobil telefonlarla dünyanın hər yeri ilə əlaqə qururuq, bölgələrimizin bugünkü müasir simasını böyük zövqlə telefonun yaddaşında əbədiləşdiririk. Bu gün Naxçıvanda yaşayan insanın hər bir anı onun həyatının ən dəyərli məqamıdır. Bundan da hər birimiz qürur duyuruq. Elə buna görə də Naxçıvanı qürurla paylaşırıq...

Bu, bir reallıqdır ki, sürətli internet təminatı bütün naxçıvanlıların sosial şəbəkələrdən sərbəst istifadəsinə imkan verib. Ona görə də bu gün Azərbaycanda Naxçıvan haqqında ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılmasında bu şəbəkələrdən aktiv istifadə edən naxçıvanlıların rolu da danılmazdır. Qürurvericidir ki, sosial şəbəkələrdə yüzlərlə gənc qədim yurd yerimizin təbliğatına xidmət edən səhifələr yaradıblar. Bunu da xüsusi vurğulamaq istəyirəm ki, onlar yayılan hər hansı dezinformasiya xarakterli məlumatlara düzgün və yerindəcə, həmçinin sərrast cavab verməyi vətəndaşlıq borcuna çeviriblər. Müxtəlif peşəyə sahib olan həmin sosial şəbəkə istifadəçiləri könüllü olaraq bloqçu kimi Naxçıvanı sosial şəbəkələrdə fəxrlə təbliğ edirlər. Əksəriyyəti gənclər olan bu sosial şəbəkə istifadəçilərinin 19-20 fevral tarixlərdə Ağbulaq İstirahət Mərkəzində düşərgəsinin təşkil edilməsi böyük sevinclə qarşılandı. Onlar iki gün ərzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun hazırladığı proqram əsasında Ağbulaq kəndində qış turizmi ilə tanış oldular, bloqlar hazırladılar və fotolar çəkdilər. “Sosial şəbəkələrdə Naxçıvanın təbliği” və “Sosial şəbəkələrdə turizmin təbliği” mövzularında təlimlər keçirildi, təlimlərdə Naxçıvanın daha geniş arenada təbliği üçün fikir mübadilələri aparıldı. Fondun əməkdaşları Fikrət Kərimov və Məhəmmədəli Məmmədlinin müşayiəti ilə komandalar üzrə yarışlar keçirildi, layihələr hazırlandı, sonda qalib komanda mükafatlandırıldı. 

Sosial şəbəkə istifadəçiləri arasında muxtar respublikanın kənd yaşayış məntəqələrindən gəlmiş gənclər də iştirak edirdilər. Onlar özlərinin yaşadıqları, həmçinin qonşu kəndləri elə gözəl təbliğ edirlər ki, bu gün qısa araşdırma aparsaq, həmin kəndlərlə bağlı onların xeyli sayda paylaşımlarına rast gələrik. Bu paylaşımlardan o yerləri daha yaxından tanımaq imkanı qazanırıq. Qısa bir haşiyə çıxmaq istəyirəm. Şahbuzun Kükü kəndindən olan Zülfüqar Qurbanlı öz kəndinin əsrarəngiz mənzərələrini böyük həvəslə sosial şəbəkələrdə tanıdır. Qısa bir misal. 2019-cu ildə Kükü ərazisində yerləşən Gurbulaq şəlaləsini sosial şəbəkələrdə paylaşdıqdan sonra bu şəlalə haqqında naxçıvanlılar ətraflı məlumata sahib oldular. Artıq üç ildir, bura həm yerli, həm də əcnəbi turistlər səfər edir. Fikrimcə, Naxçıvanın bilmədiyimiz və ya sosial şəbəkələrdə görmədiyimiz belə möhtəşəm təbiət abidələri olduqca çoxdur. Və əcnəbi turistlər belə məkanlara daha çox üz tuturlar. Niyə də tanıtmayaq? Culfa rayonunun Milax kəndindən Loğman Quliyev həvəskar fotoqrafdır. Kənd təsərrüfatı ilə məşğuldur. Amma buna baxmayaraq, o, Culfanın Milax, Ərəfsə, Ləkətağ kəndlərinin əsrarəngiz təbiət mənzərələrini paylaşaraq özünə xeyli izləyici toplayıb. "Culfa_rayonu" adlı “Instagram” səhifəsiylə 10 minə yaxın izləyiciyə çata bilib. Şərurun Mahmudkəndindən Maksun Qasımov, Ordubad rayonundan Sara Əsədova, Ağabala Bağırov, Culfa rayonundan Südabə Əlizadə, Rizvan Əliyev, Kəramət Əliyev, Naxçıvan şəhərindən Şəmil Şahməmmədov, Aytac Cəfərsoylu, Namaz Namazov, Allahverdi Hüseynov, Pnar Yusifli, Xəlil Rzayev, Kamal Yəhyalı, mediadan yaxşı tanıdığımız Məmməd Babayev, Arif Bayramov, Emin Gülməmmədov, Anar Tağıyev və Yaqub İsayev də sosial şəbəkələrdə Naxçıvanın təbliği işinə öz töhfələrini verirlər. 

Naxçıvan şəhər sakini Azər Vəliyev 12 minə yaxın izləyici ilə “Facebook”da “Naxçıvan təbiəti” adlı qrup yaradaraq yurdumuzun təbiətsevərlərini bir araya toplaya bilib. Azər Vəliyev təkcə öz çəkdiklərini deyil, başqa sosial şəbəkə istifadəçilərinin paylaşdıqlarını da səhifəyə yerləşdirir. Paylaşımlara yüzlərlə baxış olur, yüzlərlə rəy yazılır. Naxçıvan təbiətinin necə zənginləşdirildiyini və mühafizə edildiyini də bu səhifədən görmək olar. Azər müəllim deyir ki, doğma təbiəti, Naxçıvanı qürurla paylaşmaqdan zövq alır. 

Həvəskar fotoqraf Pünhan Məmmədlinin fotolarına da tez-tez rast gəlirik. O deyir ki, böyük sevgiylə, böyük qürurla Naxçıvanı paylaşır. Naxçıvan şəhərində yaşayan Şahbuzun Şada kənd tam orta məktəbinin biologiya müəllimi Songül Abbasova müasir məktəbini, bu gün düşmənə gözdağı olan Şada kəndini qürurla paylaşır. 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Abdulla Quliyev, Maliyyə Nazirliyinin əməkdaşı Zəhra İsmayılova və Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqovun adlarını xüsusilə çəkməliyəm. Zəhra xanım "Noahland noahland" (Nuhun yurdu) səhifəsiylə muxtar respublikada keçirilən dövlət tədbirlərini ən operativ paylaşan və çoxminli izləyiciyə çatdıran sosial şəbəkə istifadəçisidir. Abdulla Quliyev “Instagram”da "sefiabdulla" adlı səhifəsiylə 30 minə yaxın izləyici toplaya bilib. Sosial şəbəkə istifadəçiləri arasında ən çox diqqətçəkən isə Babək rayonunun Xəlilli kəndindən olan Lalə Allahverdiyevanın “Oxunması zəruri olan kitablar” adı ilə sosial hesabı olub. 10 minə yaxın izləyiciyə çatan bloqçu oxunması zəruri olan kitablardan qısa çıxarışlar etməklə yanaşı, kitab oxumağın faydaları ilə bağlı paylaşımlar edir. Səhifəsinin hekayə bölümündə Naxçıvanın təbliğatına da geniş yer verir. 

Qeyd edim ki, düşərgədən Azərbaycan və ingilis dillərində qısa videoicmal hazırlanaraq #naxçıvanıqürurlapaylaşırıq haştağı ilə sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra bu haştağla Naxçıvanın təbliğatı ilə bağlı paylaşımlar olacaq. Bir neçə gün ərzində bu haştağla yüzlərlə paylaşım edilib, sosial şəbəkə istifadəçiləri ətrafına kifayət qədər izləyici toplaya bilib. Vurğulayım ki, bu səhifələrin bir fərqi var ki, orijinaldır və statistikanı yüksək göstərmək üçün panel qoşulmayıb. 

Bəli, danışaraq izah edilməz hər şey, bəzən göstərmək yetər, əslində. Heyrətamiz doğma diyarı tanıtmaq üçün Naxçıvanı qürurla paylaşan sosial şəbəkə istifadəçilərinin bloqçu kimi peşəkarlaşmasında keçirilən bu tədbir böyük stimul oldu. Sonda onu da vurğulamaq istəyirəm ki, bu sosial şəbəkə istifadəçilərini bir araya gətirən bir səbəb var: Naxçıvan sevdası. Onların könüllü olaraq təbliğat işi ilə məşğul olması təqdirolunasıdır. Alqışlanmalıdır... Digər gənclərimizin də bu prosesə qoşulmalarına böyük əminliyimiz var. 

 ...Bir sözlə, Naxçıvan sevdalısı könüllü təbliğatçılar...Yol uzun, karvan bizik... 

Sara Əzimova
jurnalist-bloqçu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: