Türkiyənin Ərzurum şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi təşkil edilib - FOTOLAR

A- A A+

24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Erzurum Atatürk Universitetinin mavi salonunda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Ərzurum Valisi Okay Məmiş, Ərzurum Böyükşəhər Bələdiyyə başkanı Mehmet Sekmen, Atatürk Universitetinin prorektoru, Mollalı rayonunun Bələdiyyə sədri, Ərzurum Şəhər polis İdarəsinin sədri Levent Tuncer, ziyalılar, elm və mədəniyyət xadimləri, Ərzurum şəhərində fəaliyyət göstərən Diplomatiya Akademiyasının fəal gəncləri, KİV nümayəndələri, Ərzurum şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə sərgiyə baxış olduqdan sonra ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilib və Xocalı faciəsi barədə qısa film nümayiş olunub.

Mərasimdə, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulayıb,  Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd edib. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ərzurum valisi Okay Məmiş və Ərzurum Böyükşəhər Bələdiyə başkanı Mehmet Sekmen Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritməklə, onlara qəddarlıqla divan tutulduğunu, Xocalı şəhərinin isə yerlə-yeksan edildiyini. Azərbaycan xalqına qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd ediblər.

Daha sonra Naxçıvan Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Atatürk Universitetinin professoru Kərəm Karabulut, həmin universitetin dosenti Mövlud Yılmaz və jurnalist Nigar Ögeday çıxış edərək Xocalı faciəsinin tarixi kökləri, baş vermə səbəbləri, beynəlxalq ictimaiyyətdə soyqırımın tanınmasında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən işlərdən danışıb, soyqırımı dünya tarixində baş verən ən dəhşətli faciə adlandırıblar. Tədbirdə eyni zamanda 44 günlük Zəfər savaşından danışılıb,  qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyi də qeyd olunub.

Sonda Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: