1969-cu il sentyabr ayının ilk günü idi. O vaxt ömrümün 15-ci baharını yaşayırdım. Şərur mahalının dağlar qoynunda yerləşən, sevimli şairimiz Məmməd Arazın yazdığı kimi, hər bucağında “Bir bala ceyranın gözündən duru” bulaqlar çağlayan Axura kəndindəki məktəbin VIII sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirib Naxçıvan şəhərindəki Pedaqoji Məktəbdə təhsil alırdım. O illərdə Naxçıvandakı ədəbi mühit tələbələri də ovsunlamışdı, biz də respublikada dərc olunan “Ulduz”, “Azərbaycan” jurnallarının səhifələrindəki bədii əsərlərin, çap olunan yeni kitabların daimi oxucusuna çevrilmişdik.
Hər birimizin qəlbində öz yaradıcılığı ilə əbədi yer tapan şairlərin önündə Məmməd Araz dayanırdı. Çox sevirdik onun şeirlərini, müxtəlif səpkili tədbirlərdə şairin yaradıcılığına müraciət edirdik. “Anamdan yadigar məktublar” kitabı isə həmişə masamızın üstündə idi.
* * *
Bahar günlərinin birində naxçıvanlı gənclərin görüşünə gələn Məmməd Arazla Fikrət Qoca çox coşqun sevgi və məhəbbətlə qarşılandılar. Məmməd Arazın uca boyu, şux yerişi, arxaya daranmış qara saçları, kürsüdən söylədiyi lirik şeirlər bu gün də yaxşı xatirimdədir. Naxçıvan şəhərindəki M.S. Ordubadi adına kitabxanada, şəhər filarmoniyasında keçirilən görüşlər bitmək bilmirdi. Heç kim Məmməd Araz şeirlərindən doymurdu.
Sevimli şairimizi ilk dəfə daha yaxından görmək, şeirlərini öz dilindən eşitmək xoşbəxtliyi mənə də nəsib olmuşdu və həmin günün təsirindən hələ də ayrıla bilməmişəm.
1984-cü ilin oktyabr ayında Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan şəhərində keçirilən tədbirə mən də dəvət olunmuşdum. Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan Bölməsində məsləhətçi vəzifəsində işləyən şair Asim Yadigar gənc yazarlara bildirdi ki, tədbirdən sonra Məmməd Arazın 50 illik yubileyi ilə əlaqədar görüş keçiriləcək və biz də o tədbirə dəvətliyik. Tədbirə getdim və orada eşitdim ki, şairin səhhəti o qədər də yaxşı deyil, ona görə də narahatlıq keçirirdim. Nəhayət, qabaq cərgələrin birində özümə yer edib həyəcanla Məmməd Arazın yubilyar kürsüsündə əyləşməsini gözləyirdim. O illərdə Naxçıvanda yaşayan gənc və istedadlı qələm sahiblərindən Asim Yadigar, Rafiq Babayev, İnqilab Orxan, Kəmaləddin Qədim, Vaqif Məmmədov, Cavanşir Eloğlu, Elman Həbib, Muxtar Qasımzadə səhnəarxası ilə əlaqə saxlayan Rüstəm Rehrudidən Məmməd Arazın səhhəti ilə əlaqədar məlumatlar öyrənirdilər.
Sürəkli alqış salonu titrədirdi, hamı ayaq üstə Məmməd Arazın səhnəyə gəlişini gözləyirdi. Qələm və qəlb dostlarının köməyi ilə səhnədə görünən şair onu alqışlayan oxucularına hörmət əlaməti olaraq bir müddət ayaq üstə dayandı və sonra onun üçün hazırlanmış kürsüdə əyləşdi.
İlk sözü şairin dostu, həkim Cəfər Quliyev dedi: “Məmməd Arazın səhhəti nə qədər imkan versə, tədbirimiz o qədər davam edəcəkdir…”.
Bu xəbərdarlıq hamımıza aydın idi.
Tədbir boyu uşaqlıq və tələbəlik illərindən söz açan dostlarının xoş xatirələrini eşitdikcə şair dönüb onlara baxır və gülümsəyirdi. Kütləvi informasiya vasitələrinin nümayəndələri Məmməd Arazla bağlı hər anı lentə alırdılar. Dövlət səviyyəsində qeyd olunan yubileyin iştirakçıları vaxtın ötdüyündən xəbərsiz idilər. Tanrının köməkliyi ilə tədbir müddəti Məmməd Araz özünü şux saxlaya bildi, onun bu yaxşı vəziyyəti həkimini də sevindirirdi. Söz Məmməd Araza verildi. Gur alqışlar kəsmək bilmirdi. Zəif, lakin hamı üçün doğma olan səsi alqışları dayandırdı. O, məşhur şeirlərindən birini oxuyurdu:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Arxamca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal…
* * *
1988-ci ilin yanvar ayında Azərbaycan Pedaqoji İnstitutunda (indiki Pedaqoji Universitet) təşkil olunmuş ixtisasartırma kursunda müdavim idim. Demək olar ki, hər gün məşğələlərdən sonra Mətbuat prospektində yerləşən “Azərbaycan” Nəşriyyatına gəlir, burada çalışan qələm dostlarımla söhbət edirdim.
Bir gün Şərur elinə düşən güclü qar və şaxta nəticəsində dağlarda, düzlərdə kəkliklərin amansız qırılmasından bəhs edən “Dağlar kəkliksiz qalıb” adlı publisistik yazımı “Azərbaycan təbiəti” jurnalının redaktoru işləyən Məmməd Araza təqdim etmək üçün redaksiyaya getdim və onun iş otağının qapısını döyüb içəri daxil oldum. Məmməd müəllim divanda əyləşmişdi. Salamlaşdıqdan sonra Naxçıvandan gəldiyimi, jurnal üçün yazı gətirdiyimi dedim. Özünəməxsus baxışlarla məni başdan-ayağa süzdü, sonra Naxçıvanı və naxçıvanlıları soruşdu, vəziyyətimizlə maraqlandı. Söhbətimiz qısa oldu və yazının taleyi ilə bir həftədən sonra məlumat alacağımı bildirdi.
Düz bir həftədən sonra yenidən “Azərbaycan təbiəti” jurnalının redaksiyasına getdim və icazə alıb Məmməd Arazın iş otağına keçdim. Salamımı eşidən kimi nəzərlərini üzümə dikdi:
- Deməli, kəkliklər qırıldılar!, - deyə kövrəkcəsinə soruşdu.
Doğrusu, məqalənin ona bir belə təsir edəcəyinə inana bilmirdim. Məlum oldu ki, Məmməd müəllim yazını bütünlüklə oxumuş, dağların xınalı gəlini olan kəkliklərin soyuqdan və yemsizlikdən qırılmaları onu yaman kövrəltmişdi. Dedi ki, yazını oxuyub məsul katibə vermişəm. Jurnalın növbəti sayında nöqtəsinə, vergülünə toxunmadan dərc edəcəyik.
Doğrudan da “Dağlar kəkliksiz qalıb” adlı publisistik yazım “Azərbaycan təbiəti” jurnalının üçüncü sayında (may-iyun, 1988-ci il) dərc olundu.
Bir müddətdən sonra Şərur mahalında söylənən “Sırfadaş” adlı əfsanəni “Azərbaycan təbiəti” jurnalının məsul katibinə təqdim etdim. O, imzama baxcaq yarızarafat, yarıciddi dedi:
- Cavan oğlan, “Dağlar kəkliksiz qalıb” publisistik məqalənlə bağlı Mərkəzi Komitədən bizi yaman danladılar. Yazıda qış fəslindən söhbət getdiyi halda, yaz-yay nömrəmizdə dərc olunduğunu redaksiyaya irad tutdular. Yenə həmyerliniz Məmməd Araz köməyə çatdı, izah elədi ki, belə yazılar bütün fəsillərdə aktualdır. Bu cavabdan sonra bizdən əl çəkdilər…
* * *
Bu gün Azərbaycan poeziyasının fəxri, Xalq şairi Məmməd Araz cismən aramızda olmasa da, onun zəngin yaradıcılığı və əzəmətli şeirləri bizimlə birgə yaşayır. O, ömrünün 50 ilini Vətən və xalq üçün yazıb-yaratmış, bədii sözün qüdrəti ilə doğma Azərbaycanı və xalqını sevgi-məhəbbətlə, can yanğısı ilə tərənnüm etmişdir.
İbrahim YUSİFOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,
şair-publisist, Prezident mükafatçısı
“Şərurun səsi” qəzeti