Keçili kəndində kartofçuluğa diqqət artırılır

A- A A+

Şahbuz rayonunda əkinçiliyə yararlı münbit torpaqlarının olması, suvarma suyu, texnika, toxum sarıdan heç bir problemin yaşanmaması taxılçılığın, xüsusilə kartofçuluğun inkişafına imkan verir. İlbəil kartof əkini sahələrini genişləndirən zəhmət adamları bu sahədən yüksək keyfiyyətli məhsul götürür, qazancı yaxşı olur, bazarlarımızda isə bolluq və ucuzluq yaranır.

NUHÇIXAN xəbər verir ki, rayonun Ağbulaq, Gömür, Mahmudoba, Yuxarı Qışlaq, Biçənək və başqa bir neçə kəndlərində yaşayan çalışqan, zəhmətkeş, torpağa, yurda bağlı insanlar kənd təsərrüfatının başqa sahələri ilə yanaşı, kartofçuluğu da xüsusilə inkişaf etdirirlər. Onlar bu sahəyə olan güclü meyil sayəsində istər həyətyanı, istərsə də icarə götürdüyü torpaq sahəsində kartof əkininin aparılmasına üstünlük verirlər. Yazın ilk günlərindən torpağı “alın təri ilə suvaran” zəhmətkeş kənd sakinləri bilirlər ki, ikinci çörək sayılan kartof nə qədər çox istehsal olunsa, ailə büdcələri bir o qədər zənginləşəcək, bazarlarda bolluq və ucuzluq yaranacaq. Həmçinin başqa yerlərdən kartof məhsulu gətirməyə də ehtiyac qalmayacaq.

Kartofçuluqla məşğul olan, bu sahədə illərdir ki, təcrübə toplayan Keçili kənd sakini Ələddin Məhərrəmov deyir ki, kənd təsərrüfatının bir çox sahəsi ilə məşğul oluram. İstər həyətyanı sahəmdə, istərsə də icarəyə götürdüyüm torpaq sahəmdə hər il bostan, tərəvəz, dənli-paxlalı, çoxillik ot əkini keçirirəm. Suvarma suyu, gübrə, toxum sarıdan heç bir çətinliyim olmadığına görə məhsulum bol olur. Ancaq məşğuliyyətimin ən çox hissəsini kartof əkininə sərf edirəm. Çünki bu sahədə həm təcrübəm çoxdur, həm də kəndimizin məhsuldar torpaqları bu sahənin inkişafı üçün yararlıdır. Digər bir tərəfdən isə kartofçuluğu inkişaf etdirmək istəyən adamlara dövlətin göstərdiyi qayğı da böyükdür. Əkinçilərə sahələrə səpmək üçün hələ erkən yazdan gübrələrin verilməsi də işin gedişinə öz müsbət təsirini göstərir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının saxlanması üçün Şahbuz rayonundakı soyuducu anbarın fəaliyyətinin bərpa olunması da məhsulumuzun zay olmamasına köməkdir. Çünki kartof yığımı başladıqdan sonra onun bir qismini satırıq. Qalanını da həmin anbarda saxlayırıq ki, lazım olan anda bazara çıxarıb daha çox gəlir əldə edək.

Bu il 0,2 hektar sahədə əkin keçirmişəm. Sahəyə ötən illərdə olduğu kimi çox böyük səylə qulluq etmişəm, aqrotexniki qulluğu, suvarmanı vaxtlı-vaxtında aparmışam. Bu günə kimi 2 tondan artıq məhsul yığmışam. Qeyd edim ki, ailəm üçün də hardasa 500-600 kiloqrama yaxın məhsul ayırıram. Ayırdığım pay onları bu kartof yığımından növbəti kartof yığımınadək görür. Bir qədər də bacı-qardaşlarıma pay verirəm.

Lakin kartofun yığılması ilə işim yekunlaşmır. Deyərdim ki, hələ ən əsas iş də elə yığımdan sonra başlayacaq. Sahəmi şumlayacağam, torpağa təbii gübrə verəcəyəm. Çünki yüksək kartof məhsulunun alınmasında torpağın şumlanması ilə yanaşı, gübrələmənin də böyük rolu vardır.

Ə.Məhərrəmov uzun illərin təcrübəsinə əsasən vurğuladı ki, kartofu bir çox ziyanvericilər, xəstəliklər məhv edir, məhsuldarlığı aşağı salır. Kartof xəstəliklərindən rayonumuzda ən çox təsadüf ediləni fitaftora və dəmgil xəstəliyidir. Bu xəstəliklərə qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirləri vaxtında aparılmalıdır. Yəni, eybəcər və nazik cücərtiləri olan kartof yumrularını əkin sahəsindən çıxdaş etmək lazımdır. Məhsul yığımından sonra bitki qalıqları yığılıb yandırılmalıdır. Bir sözlə, əkinçilər çəkdikləri zəhmətin hədər getməməsi üçün aqrotexniki tədbirlərə uyğun olaraq sahələrin becərilməsinə, alaq otlarından təmizlənməsinə və xəstəliklərə qarşı dərmanlamanın vaxtlı-vaxtında aparılmasına əməl etməklə məhsuldarlığı yüksəldə bilərlər.

Hafizə Əliyeva

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: