Biz ki, yol nədi bilməzdik,
Biz ki, öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
Dünyanın təhlükəsiz, sakit, səssiz yerləridir qəbiristanlıqlar. Əslində bu mərmər daşlı yerlər də ayrıca bir “dünyadır”. Bu “dünyada” da səssizliyi pozanlar var. Qəbiristanlıq sakinlərinin bilinən və bilinməyən taleləri, ot basmış məzar daşları, kimsəsiz qəbirlər və daha nələr, nələr... Bunları duyan, hiss edən insan daxilində bir haray çəkir. Beləcə bu səssiz “dünyanın” sükutu pozulur.
Elə qəbiristanlıqlar da var ki, burda yalnız şərəfli, uca, ölməz insanlar uyuyur. Burda sözlər bir-biri ilə danışır, səssizlər isə bir-birinə toxunur. Bu yerləri insan oğlu Şəhidlər Xiyabanı adlandırır. Burda uyuyanlar bütöv bir məmləkətin qəhrəmanlıq ənənələrini həm də daş məzarlarda qoruyur. Bakı şəhərində Şəhidlər Xiyabanında “Xocalıdan 5 yaşlı qız” adlı bir məzar var. Bu balaca körpənin adı bəlkə də Leyla, Lətifə, Sevinc, Aygün...Bilmirik nədi. Amma biz ona Nişanə deyirik. Xocalı nişanəsi. Bizim üçün Xocalı nişanəsi, bəşəriyyət üçün isə erməni "yadigarıdır." Erməni vəhşiliyinin 30 illik təzahürü olan bu məsum körpəni erməni terroru bu günə salıb. İllərdir ki, əsassız şəkildə tariximizi oğurlayan, tarixi abidələrimizi dağıdan, məzar üstü türbələrimizi məhv edən erməni barbarlığı həm də körpə uşaqların qatilidir. Xocalının beş yaşlı Nişanəsindən bu günə qədər qalan heçnə yoxdur. Heç şəkilləri belə. Onun simasını görən yeganə "insan" isə erməni adlı uşaq qatilidir.
İndi bu səssiz məzar bura gələn hər kəsə sadəcə bir nağıl danışır. "Divlərin" nağılını. Axı onun tək qorxusu divin Məlikməmmədi öldürməsi idi. Biri vardı, biri yoxdu ilə başlayan nağıl bu naməlum körpə üçün faciə ilə bitdi. Amma o balaca körpə anlamadı ki, o gecənin qəhrəmanları yeni əsrin yeni nağılını yazdılar. Burda da divlərlə savaşmaq yada divlərə yem olmaq vardı. Naməlum körpə o məzarda otuz ilə yaxın bir zamanda Məlikməmmədin gəlməyini gözlədi. Nə qısa... amma nə uzun nağıldı bu.
Erməni vəhşiliyinə son qoyan Azərbaycan əsgəri Nişanə üçün Məlikməmməd oldu. Elə nağıldakı kimi Məlikməmməd divləri öldürdü… Haqq savaşımızda Azərbaycan əsgəri erməni vəhşiliyinə son qoydu. Necə deyərlər, qisas qiyamətə qalmadı. Azərbaycan əsgəri təkcə torpaqlarını işğaldan azad etmədi, həm də minlərlə körpənin, qocanın, qadının qisasını aldı. Biz Xocalı kimi soyqırımı yaşamağımıza baxmayaraq qisas hissimizi yalnız döyüş meydanına saxladıq. Xocalıdakı körpələrin, Bərdəyə, Gəncəyə atılan raketlərin, orda vəhşicəsinə ölən körpələrin qisasını erməni ordusunu darmadağın edərək aldıq.
Müharibədən bir anı xatırlayaq. Ermənilər Şuşada körpə uşağı qoyub qaçmışdılar. O uşağı tapan Azərbaycan əsgəri ona mərmi yox şirniyyat yedirtdi. Düşmən körpəsi olsa belə onu bağrına basdı. Xocalı kimi insanlığın utancı olan bir faciəni yaşayan Azərbaycan oğlu düşmənin təkcə körpəsinə deyil, hətta əsir düşən qadınlarına belə sahib çıxdı. Beləcə dünya bir daha anladı ki, Azərbaycan əsgəri sülhün, ədalətin və insanlığın əsgəridir. Biz körpələrin qatili yox, düşmənlərin qorxulu röyasıyıq. Yaxşı deyiblər, gərək adamın düşməni də kişi ola. Elə erməninin tək xoşbəxtliyi budur. Ədalət yer üzündə Allahın tərəzisidir. Biz ədaləti bərpa etdik. Ədalətsizliyi də ədalətlə yıxdıq. Ermənilər isə Xocalıdan beş yaşlı körpənin kimliyini silə bilmədilər.
Əslində o qız Xocalılı Nişanə Azərbaycan qızı imiş...
İndi təkcə Xocalıda deyil, bütün Qarabağda beş yaşlı Nişanələr ora səfər edən doğmalarına məsumca gülümsəyirlər .
Mətin Kamal
Jurnalist