Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayonunun Xanlıqlar kəndində torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri və sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Məmməd Məmmədov açaraq torpaqlardan təyinatına uyğun səmərəli istifadədən, aqrar sahənin inkişafından, bu sahəyə göstərilən dövlət dəstəyi və tədbirin əhəmiyyətindən danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Xəlil Axundov, Şərur rayon Prokurorluğunun müstəntiqi Rauf Cəfərov və digər çıxış edənlər qeyd ediblər ki, torpaqlardan təyinatı üzrə istifadə edilməməsi orada özbaşına tikililərin aparılması, eləcə də mühafizə zonalarının qanunsuz çəpərlənməsi və tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu, Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələbləri, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olması izah edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbir Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Şərur Rayon İcra Hakimiyyəti və Şərur rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilib.