Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti fevral ayı ərzində müəyyən qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 1 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən xüsusi təhsil müəssisələri ilə yanaşı, uşaq musiqi və incəsənət məktəblərində də binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olanlar pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə uyğun olaraq 1 fevral 2022-ci il tarixindən etibarən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə idxal olunan 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi olan avtomobil benzininə tətbiq olunan gömrük rüsumunun tarif dərəcəsi 15 faizdən sıfra endirilib.
Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 9 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Dəyişikliyə uyğun olaraq oktan ədədi 95-dən az olan mühərrik benzinləri üçün (aviasiya benzinləri istisna olmaqla) aksiz vergisi 1 tona görə 200 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin 2022-ci il 17 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında 2022-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə torpaq balansı təsdiq olunub.
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 24 fevral tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti mart ayının 1-dək uzadılıb.
Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli Qərarı ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilərək fonda taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətləri dövlət sifarişçisi kimi Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinə həvalə edilib və fonddan taxılın istifadəsi üçün qərar qəbul edilməsi məqsədilə təklif verən qurumların sırasına Dövlət Ehtiyatları Agentliyi də daxil edilib.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.