MÜHARİBƏ

Esse

A- A A+

Müharibə təbiətin qoynunda ipək xalı üstündə yerimək deyil,

güllərin yox, güllələrin arasında  qorumasız qalmaq,

çiçək ətrini yox, barıt iyini  içinə çəkməkdir..

müharibə ayağı yalın körpənin qar üstündə qanlı iz salmasıdır.

Ağlayaraq, titrəyərək, donaraq... bu dünyadan küsərək...

yaddaşlarda qara xal kimi qalmasıdır.

Azca şansı varsa, uçqunlar altından dili tutulmuş, qulağı batmış

gözləri işığını itirmiş halda tapılan yarımcandır.

Müharibə üzünü Tanrıya tutub qaldırdığın şərab deyil,

müharibə ölüm adlı əbədiyyət, həyat adlı cəhənnəm,

 insanlığın şərəfinə içdiyin qandır.

 

Müharibə xoşbəxt təbəssümlə dünyaya sevgi paylamaq deyil...

Müharibə bir sevgi uğruna bütün sevgiləri udan, yarım qoyan,

onu torpağın yeddi qatına gömən,

gülüşü üzlərdə donduran dünyanın şeytanıdı, iblisidi.

Bəşərin viranəliyi, insanların divanəliyi, varlığın heçliyidi...

 

Müharibə üzü günəşə açılan pəncərədən həyatı seyr etmək deyil,

o çərçivədən dağılmış evlərin, yanmış arzuların,

küçələrdəki bombalanmış izlərin, yaşanmamış,

yox olmuş həyatların  varlığının gözlərində rəsmini çəkməkdir.

Tanışdı mənə qəhərdən boğazın tıxanması,

nifrətdən gözlərin, ürəyin çalxanması...

Müharibənin doğması deyil, yadıyam...

Çünki mən, müharibəni görmüş,

onun ağırlığını ruhunda, vücudunda

gözlərində, sözlərində, keçmişində, bu günündə yaşamış

 başı bəlalı Ananın övladıyam..

 

Müharibə soyuq qış günündə isti yataqda xumarlanmaq,

yaşadığın gözəllikləri anmaq deyil...

Müharibə daş döşəmədə, əlləri qoynunda yumaq kimi yığılıb,

ömrün acı, uzun, bitməyən günlərini dua kimi Tanrının üzünə saymaqdır...

 

Müharibə göyərən yerdə həyat solur, quruyur, məhv olur...

Baxıram insanların dəhşət yazılmış gözlərinə, ümidsiz baxışlarına,

qəsbkara dişlərim sıxılır, gözlərim dolur.

Yaş şüşələnmiş gözlərin, qanı qaçmış dodaqların

qanlı, qansız yaraların sualına cavab tapa bilmirəm.

Yalnız haqq savaşının qələbəsi suallara cavabdır... Ədalətsiz müharibə isə bütün cavabları sual altında qoymaqdır.

                                                              Təranə Arifqızı

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: