Naxçıvanda 37 hektar meyvə və üzüm bağları salınacaq - FOTOLAR

A- A A+

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası diqqət mərkəzindədir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 2 hektarlıq ərazi yeni bağ salınması üçün hazırlanır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu ilin yazında 116 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinin aparılması, həmçinin minlərlə meyvə və meşə tingi, həmişəyaşıl bəzək və gül kollarının əkilməsi nəzərdə tutulur. Yaşıllaşdırma tədbirləri zamanı nazirlik və yerli icra hakimiyyətləri ilə  birlikdə 37 hektarda meyvə və üzüm bağı, 51 hektar sahədə əkin bərpa, 80 hektar sahədə şırım üsulu ilə toxumla əkin, 2 hektarda isə  toxumacarlıq və qələmkökləndirmə planlaşdırılır. Bütövlükdə yaz əkini mövsümündə 170 hektar sahədə yaşıllaşdırma, meşəsalma və əkinbərpa tədbirləri aparılacaq.

Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun ətrafları son illər aparılan ekoloji tədbirlər sayəsində yaşıl görkəm alıb. Müxtəlif növ meşə və meyvə ağacları bu yerin təbiətini daha da gözəlləşdirir. Həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq mərkəzə gedən yolun kənarlarında daha 2 hektar sahədə yeni alma bağının salınması planlaşdırılır. Bu məqsədlə ərazi texnikaların qüvvəsi ilə əkinəyararlı vəziyyətə salınır. Bu günlərdə ərazidə torpaq-hamarlama işləri görülüb, şırımlar açılıb. Hazırda ting əkini üçün çalalar qazılır, üzvi gübrə ilə münbitləşdirilir.

Yeni salınacaq bağın suvarılması və əkiləcək tinglərə  aqrotexniki qulluq məqsədilə də lazımi hazırlıq işləri görülür.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: