Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğluna istinadən xəbər verir.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldova respublikasına yola düşür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.
ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var.
Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyəsi planlaşdırılır.
Bundan öncəki təxliyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.