NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Naxçıvan” Universitetində qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətinin formalaşdırılmasında rolu mövzusunda tədbir keçirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Həbibə Əliyeva və Reyhan Sadiqova qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qaunvericiliklə tənzimlənməsi və fəaliyyətində qrant müqavilələrinin əhəmiyyəti mövzularına toxunublar. Bildirilib ki, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, eləcə də cəmiyyətdə sabit inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Ölkəmizdə də bu təşkilatların yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə dövlətçiliyimizin inkişafını şərtləndirən amillərdəndir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimlinin “Gənclərin hərtərəfli inkişafını təmin etmək üçün qeyri-hökumət təşkilatlarının fəaliyyəti” və “Naxçıvan” Universitetinin müəllimi Emilya Süleymanovanın “Gənclərin vətəndaş cəmiyyətinin formalaşmasında rolu” mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ilə bağlı hazırlanmış slayd izlənilib.
Xosrov İbrahimov