Təbii üsullarla immunitetin möhkəmləndirilməsi və xəstəliklərin müalicəsi

Faydasını bilmədiyimiz bitkilər

A- A A+

Müasir dövr  təbii vasitələr - dərman bitkiləri, meyvə və tərəvəzlərlə, həmçinin onlardan alınan emal məhsulları ilə müalicəni təşviq edir, çünki orqanizmlər kimyəvi maddələrlə kifayət qədər "doyduqlarından" və xəstəliklərin onlara qarşı müqavimətləri artdığından effektiv ola bilmirlər. Təbiətdəki bitkilər sağlamlığımız üçün çox böyük gücə sahibdir. Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur.  Müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil edir. Araşdırmalar zamanı müəyyən edilib ki, ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90 faiz təşkil edir.

Respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil edir.

Məsələn: Vitaminlər, şəkər, mikroelementlərlə olduqca zəngin olan itburnunu "təbii vitamin" kompleksi adlandırırlar. Xalq təbabətində  itburnu meyvələrinin çayından, şirəsindən qara ciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir. Elmi təbabətdə itburnu bitkisinin mayasından xolosas adlı preparat hazırlanır. Ödqovucu xassəyə malik olan həmin preparat avitaminoz xəstəliyi zamanı da işlədilir.

Ölkəmizin ərazisində  moruğun 15 növü bitir. Meyvələrinin tərkibində C, B, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Bu baxımdan da xalq təbabətində soyuqdəymə zamanı əmələ gələn xəstəliklərdə onun qurudulmuş meyvələrinin çayından, eləcə də  mürəbbəsindən istifadə olunur.

Olduqca faydalı olan qarğıdalı bitkisinin böyrək və qara ciyər xəstəliklərində faydası var. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Tərkibində efir yağı, saponinlər, K vitamini və sair maddələr olan qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir.  Qarğıdalı saçaqlarından hazırlanan duru ekstrakt  qan kəsici dərman kimi istifadə olunur.

Azərbaycanda iki növü yayılan göy noxud bitkisinin də zoğu, yarpaqlarının yaşıl hissəsi, toxumları müalicəvi əhəmiyyətli maddələrlə zəngindir. Xalq təbabətində onun toxumlarını qurudulmuş buğda dənəsi, qoz ləpəsi, azca qara istiot, hil, zəncəfil və sarıköklə bir yerdə həvəngdəstədə əzir, sonra üzərinə bal əlavə edirlər. Alınan maddə bir gün həmin vəziyyətdə saxlanılır, çay qaşığı ilə gündə üç dəfə revmatizm xəstəliyinə tutulanlara yedizdirilir.

Noxuddan qadın xəstəliklərində iltihaba qarşı istifadə edilir. Bunun üçün onu odda qovururlar. Sonra həvəngdəstədə əzir. Alınan maddənin üzərinə qara istiot və hil tozu töküb qarışdırırlar. Bundan sonra həmin maddəyə ətçəkən maşından keçirilmiş kişmiş əlavə edir, təzədən qarışdırıb kütlə halına salırlar. Alınmış kütlədən həb hazırlayırlar. Həmin həblər elə noxud boyda olur.

Xalq təbabətində  noxud qüvvətverici, əsəb sisteminin tonusunu artırıcı vasitə kimi də işlədilir. Bunun üçün noxud ununun balla hazırlanmış halvasından istifadə edilir. Ona noxud halvası da deyilir.

Yemişan ürək xəstəliklərində, qan təzyiqi yüksək olduqda, başağrıları zamanı faydalıdır. Bunun üçün yemişanın yetişmiş meyvələrini 5-10 dəqiqə ərzində qızdırmaq, isti-isti, 1:0,5 nisbətində şəkərlə yaxşı qarışdırıb əzmək, alınmış qarışığı bir qaba tökərək ağzını kip bağlayıb sərin yerdə saxlamaq, alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul etmək lazımdır.

Sürməli paxla xroniki hala keçmiş qripi (qaymarit) müalicə etmək üçün  faydalıdır.  Bunun üçün 0,5 kiloqram paxlanı sirkəyə töküb isladın. İki gündən sonra hər gün həmin paxlanın 100 qramını dəmirin üstündə yandırın, ağız və burnunuzu tüstüsünə verin. Bu zaman başınızı şalla örtün. Bu qaydanı ən azı 5-6 gün təkrar etmək lazımdır.

Gicitkəndən bədən oynaqlarında duz olan zaman istifadə edilir.  Fasilə ilə altı ay  bitkinin  kötüyünü dəmləyib yeməkdən əvvəl gündə üç dəfə (hər dəfə də 100 qram) içmək oynaqlardakı duzu yox edir. Qarın ağrısı (ishal) zamanı isə gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyib gündə 3-4 stəkan içmək lazımdır.

Qrip epidemiyası zamanı gündə bir neçə dəfə soğan yemək məsləhətdir. Soğanın qurdqovucu, bəlğəmgətirici təsiri də var. Bu məqsədlə soğanı sürtgəcdən keçirib balla (yarıbayarı) qarışdırıb və gündə 4-5 dəfə bir çay qaşığı qəbul edilməlidir.

Qiymətli dərman bitkisi olan zəfəran insanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitən bu bitki ilə vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır, mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır. Gözə kənar bir element düşəndə, yaxud iltihab baş verəndə zəfəran suyu ilə yumaq yaxşı nəticə verir.

Dünya xalqları qədimdən üzərlikdən də dərman kimi istifadə edib. Hindistanda bu bitkiyə min bir dərdin dərmanı adı veriblər. Azərbaycanda  "Üzərliksən havasan, min dərdə dəvasan" və s. kimi deyimlər var. Üzərliyin toxumlarından hazırlanan preparatlar zəif görmənin və suçiçəyi xəstəliyinin qarşısını alır. Təbiblər ondan hazırlanan dərmanlarla kəskin əsəb xəstəliklərini müalicə ediblər. Böyük təbib və alim İbn-Sina üzərliyi sidikqovucu, soyuqdəyməni və yorğunluğu aradan qaldıran dərman bitkisi kimi tətbiq və təbliğ edirdi.

Vaxtilə bəzi yerlərdə üzərliyin cövhərini balla qarışdırıb məlhəm hazırlayıblar. Bu məlhəm iflic olanların, oturaq sinirləri, həzm orqanları xəstələnənlərin dadına çatıbdır. Xalq təbabətində üzərliyin kök hissəsindən məlhəm hazırlayır, onu qoyun piyinə qatırlar. Birinin bir yeri yaralanıb zədələnəndə həmin dərmanla yaranı sarıyırlar. Üzərlikdən qurdqovucu, iştah gətirici dərman kimi də istifadə edirlər.

Üzərliyin tüstüsündən iflic, toxumundan hazırlanan dərmanlardan sinir, yarpaqlarından yaman şişləri, toxumlarından isə (kənaf toxumuyla qarışdırıb) yel, astma, təngnəfəslik və digər xəstəliklərin müalicəsində iştifadə edirlər.

Respublikamızın ərazisində yayılan dağ laləsi kimyəvi cəhətdən az öyrənilib. Son vaxtlar mütəxəssislər onu analizdən keçiriblər. Məlum olub ki, onun soğanaqlarında bir neçə alkaloid var. Bunlar ürək ağrılarına sakitləşdirici təsir göstərir.

Ardı var...

Cabbar Nəcəfov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun

İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: