Prezident İlham Əliyev martın 4-də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına qulluq stajına görə əlavələr nəzərə alınmaqla 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım təmin olunacaq. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sərəncam muxtar respublikada 4247 əmək pensiyaçısına şamil ediləcək.
Həmçinin sərəncamın 2-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İbrahim Əliyev