Dünyada okeanların səviyyəsinə və atmosferə təsir etmiş “El Nino” hadisəsinin bu ilin sonunda təkrar olunacağı gözlənilir.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bununla bağlı Dünya Meteorologiya Təşkilatı (DMT) bəyanat yayıb. Bildirilir ki, son dəfə 2015-2016-cı illərdə baş vermiş “El Nino” hadisəsi bir çox ölkələrdə güclü fırtına, sel və daşqınlarla, ənənəvi iqlim ahənginin pozulması ilə müşayiət olunub. Bu atmosfer və qlobal iqlim dəyişikliyi Sakit okeanda temperaturun yüksəlməsi ilə başlayır və qlobal miqyasda yayılır. Məhz bu dəyişiklik nəticəsində 2016-cı ildə Yer üzündə ən isti havalar, Afrikada görünməmiş quraqlıq, Cənubi Amerikada isə sel və daşqınlar qeydə alınıb.
Meteoroloqlar bildirirlər ki, bu il “El Nino”nun əksinə olaraq, Sakit okeanda temperaturun düşməsi ilə başlayıb. DMT-nin hesablamalarına görə, belə başlanğıc ilin sonunda okeanda kəskin iqlim dəyişikliyi ehtimalını 70 faiz artırıb. Eyni zamanda, builki “El Nino”nun əvvəlkindən daha zəif olacağı gözlənilir. DMT-nin baş katibi Petteri Taalasın sözlərinə görə, hadisə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməsi itkilərin və dağıntıların qarşısını almağa kömək edəcək.