Mərhum Xalq şairi Zəlimxan Yaqub dövrü mətbuatda Məmməd Araz haqqında çıxış edərkən belə yazırdı: “Borçalıdan Bakıya təzə gəlmişdim. Azərbaycan mətbuatında təzə-təzə ayaq açırdım.
Çağdaş Azərbaycan şairlərini görmək, tanımaq, duymaq istəyirdim. Sevdiyim adlar içərisində bir ad da var idi: Məmməd Araz! Əvvəllər Məhəmməd İbrahimov olan, adında və soyadında iki Peyğəmbərin- İbrahim və Məhəmmədin adlarını daşıyan şairimiz sonra Məmməd Araza çevrildi, Məmməd Araza döndü. Arazı özünə təxəllüs götürdü.” Araz ayrılıq, həsrət, hicran rəmzi olduğuna görə bu çay Məmməd Arazın taleyinə yazıldı. Bəlkə də buna görə “ Tayı itmiş ceyran tək mələrəm mən Arazsız” -deyirdi Məmməd Araz. Bu torpağın hər daşına, qayasına, suyuna, çiçəyinə vurulan onun ilham və yaradıcılıq mənbəyinə çevrilən Naxçıvan və onun zəngin təbiəti dahi şairə stimul verən əsas qayələrdən olub.
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları, qaynar qanımda,
Mənim ürəyimin bir parçasıdır,
Doğma Şahbuzum da ,Naxçıvanım da.
Bununla da “o daş altında”, o bulaqda, Naxçıvanda və ümumilikdə Azərbaycan ədəbiyyatında əbədi yaşamaq haqqı qazandı.
...Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var Məmməd Araz,
Haqqın var yaşamağa!
Bu yazıda biz vətəndaş şairin 1957-ci ildə Bakı şəhərində böyük ürək yanğısı və küskünlüklə qələmə aldığı “Üç oğul anası” poemasını təhlil edərək oxuculara çatdırmaq istəyirik. İkinci Dünya Müharibəsinin son qələbə fişənginin atılmasından on ildən artıq bir vaxt keçirid, amma cahan savaşının neçə nəslin taleyində oynadığı məşum rol hələ unudulmamışdı. Məmməd Araz bu poemanı qələmə almaqla həmin vaxt baş verən siyasi oyunlara, qarışıqlıqlara, müharibələrə qarşı çıxır, Gülsənəm ananın hisslərini və yaşadıqlarını dilə gətirərək böyük bir nifrət dastanını ortaya qoyur. Poema dahi şairin etirafları ilə başlayır. Uzun illər kənddən ayrı qalır və qayıtdığı üçün, öz yurduna ayaq basdığı üçün çox sevinən şair həmin vaxt kəndin dumanlı, qarlı dağlarından, buz bulaqlarından uzaq düşdüyünü təsvir edir.
Çoxdandır dumanlı, qarlı dağların
Üstündən atlanıb keçməmişəm mən.
Yaşıl gözədəki buz bulaqların
Əyilib gözündən içməmişəm mən.
Poemanın gedişatında şairin yolu kənd qəbiristanlığından düşür və üstündə heykəl və məqbərə olmayan, təbiətin otlarla bəzədiyi məzara rast gəlir. Bu, “Üç oğul anası” olan Gülsənəm ananın məzarıdır. Bir zamanlar şairin də ana dediyi, nənəsi Zöhrə ilə birgə nəmisini, qaymağını yediyi Gülsənəm. Qəlbindəkiləri kağız üzərinə köçürən Xalq şairi yazır ki, ərini erkən itirən Gülsənəm üç oğluna həm atalıq, həm də analıq edir. Gün gəlir Vətən dar ayaqda qalır. Hamı kimin onun da qollu-biləkli oğulları cəbhəyə yola düşməli olurlar.
Gedin, tez qayıdın! - söylədi ana, -
Gedin qapımızı yağı döyməsin.
Ancaq unutmayın: “igid olana
Gərək arxasından güllə dəyməsin!”
Ayrılıq qapıya hakim kəsilir və beləliklə təzə toy olmuş evdə vüsal yaşanır, eşqin tər çiçəyi tez solur, oğullar əsgər gedir. Kerç boğazına, Moskvaya, Dunaya oğul yollayan Gülsənəm ilk vaxtlar onlardan xoş xəbərlər alır. Gələn məktublarda Vətəni cəsarət və qətiyyətlə müdafiə etdiklərini yazırdılar amma, Salvartı dağın, Araz həsrəti onları darıxdırırdı. Çünki yurd nisgili başqa bir hiss idi.
Yazdı ortancılı Moskva altdan,
Hər yanda vətəndir, vətən torpağı:
Ancaq ki, ay ana, çıxmayır yaddan
Salvartı ətəyi, Araz qırağı.
Poema Gülsənəm qarının iztirablarına həsr edilsə də, müharibə dövrü anaların nisgili, kədəri haqda geniş təəssürat yaradır. Üç oğul anası əslində, arxa cəbhənin obrazı kimi ümumiləşir.
Çoxları yatanda, səhərə qədər,
O, köynək toxudu, corab toxudu.
"Kaş, bircə görəydim bunu geyəni,
Kimin geyməyinin mənası yoxdur.
Bəlkə bir əsgərin nazikdir əyni,
Bəlkə heç birinin anası yoxdur".
Məmməd Araz poemada bir sıra təsirli, emosional təsvirlərə keçir. Günlər atlı olur, vədə tez ötür və sonda oğullar ömürlərini gələcək nəsillərin ömürlərinə bağışlayır. Üç igid əvəzinə qara kağızı gələndə qarı, birçəklərinə əl atır, gəlini isə dözə bilməyib evdən çıxır. “Eh, gəlin neyləsin, bu evdə o da Üç gün vüsal gördü, on üç il hicran”,-deyir Gülsənəm ana. Qonşular onu təsəlli etsə də, bu, heç nəyə çarə deyil. Müharibə onun həyatda olan üç yadigarını əlindən almışdı, ananın qəlbinin qanı qurumuşdu, qəddi əyilmişdi. O dəfələrlə oğullarını görmək üçün Allahdan ömür yox, möhlət istəmişdi. Və həyatda həyata keçirdiyi xeyir işlərin müqabilində bu amala çatacağına inanır. Real həyatın səhnəsindən götürülən hadisələr, poemanın axıcılığı və publisistlik dili vətəndaş şairin bir daha böyüklüyünü və bəşəriyilini ortaya qoyur. Poemada hərbi lənətləyən ananın timsalında Məmməd Araz dünyaya, bəşəriyyətə sülh ,əmin-amanlıq arzu edir.
Hərbə lənət deyən ana səsində
O ananın səsi duyulsun bu gün!
Yel əssə, quş səksə sərhədimizdə
Dağlar da, daşlar da ayılsın bu gün!
Ekvator xəttinə “sülh” yazsın ellər,
Nidamız Marsa da yayılsın bu gün!
Bütün bu təsvirlər Ana obrazının daha real və inandırıcı, təsirli və emosional görünməsinə imkan yaradır. Və sonda ananın bu cür ölümü oxucunu təsir altında saxlayır və ölümün ölüm üzərindəki qələbəsini ifadə edir, poemanın bədii effektini artırır.
Üstündə yüz cavan baş əydi azı,
Ürəklər yenə də duydu bu dərdi:
Üç aslan biləkli oğul anası
Özgələr çiynində gora gedirdi...
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru