Zəhmətsevər qadın... Qəhrəman ana - FOTOLAR
Zəhmətsevər qadın...
Həyatın hər əzabına, yükünə mərdliklə sinə gərən Tanrının ən gözəl əsəri qadın. Ailənin, ocağın qoruyucusu, bəşəriyyətin anası deyirlər sənə. Fədakarlığın, cəfakeşliyin, zəhmətsevərliyinlə sən ən böyük sevgiyə, ən gözəl bayrama layiqsən. Bu gün sənin günün, bu gün sənin gül-çiçək ətirli bayramındır. Qəhrəman qadın, əlləri torpaq qoxan qadın, bütün güllərdən gözəl qadın!
Onun əlləri ta uşaqlıqdan əməyə, zəhmətə alışıb. Bu hünərini isə anasından əxz edib. 10 yaşından anası ilə o vaxtın tütün sahələrində çalışıb. İndi 70 yaşı var. Ancaq görkəminə baxanda ona heç 50 yaş da vermək olmaz.
“Məni belə cavan, gümrah saxlayan əmək və zəhmətdir”, - deyir Fəxrəntac xanım. Adı çoxlarına tanışdır bu qadının. O, muxtar respublikamızda işi ilə tanınan ailə təsərrüfatçılarındandır. Şahbuz rayonunda yaşayır. Tez-tez onu Naxçıvanqalada keçirilən festival və yarmarkalarda görürəm. Hətta bir neçə dəfə əlləri ilə ərsəyə gətirdiyi məhsullardan da almışam. Onu da deyim ki, həmin festival və yarmarkalarda alıcılar Fəxrəntac xanımın başının üstünü kəsirlər. Satışa çıxardığı məhsulların, demək olar ki, heç biri qalmır. Səbəb isə onun işini çox böyük sevgi və səliqə ilə görməsidir.
O, özünü dərk edən bir gündən ataların məşhur “İş insanın cövhəridir” deyimini həyat amalı bilib və bu minvalla on ilə yaxındır ki, ailə təsərrüfatını qurub. Bir sözlə, halal zəhməti ilə evinin təknəsini boş qoymur. Bu təsərrüfatın qazancı isə dağlardan, ana təbiətin səxavətindən, bir də onun qabarlı əllərindən gəlir. Mövsümündə Naxçıvan dağlarının bitki sərvətindən, sözün yaxşı mənasında, qazanc götürən Fəxrəntac xanım adi bir dağ otunun, dərman bitkisinin faydasını bilərək təsərrüfatını bu yöndə qurub. Yaz gəldimi, dağların qarı yavaş-yavaş əridimi, bulaqotunu, yarpızı bəlkə də birinci o dərər bulaqların, arxların başından. Bu minvalla Şahbuzun, Culfanın dağlarını, dərələrini qarış-qarış gəzib, ətək-ətək yığar sobunu, çaşırı, baldırqanı, doqquzdonunu, yemişanı, itburnunu, cacığı, ələyəzi. Dağları gəzmək, oradakı bitkiləri yığmaq ən gözəl istirahətdir onun üçün. İşini sevir. Hər otun, hər bitkinin yerini də əlinin içi kimi bilir. “O bitkiləri məncən də heç kəs yığa bilməz”,- deyir.
Yazın ilk aylarından ta payızın sonunadək gecəsi, gündüzü dağlarda keçən bu qadının təbiətin min bir nemətindən hazırladığı çeşid-çeşid məhsullarının sorağı hər yana yayılıb. Ondan dağ alçasının lavaşasını, doqquzdonu mürəbbəsini, həmərsin doşabını, sobu, çaşır, baldırqan turşusunu, müxtəlif dərman bitkilərini alan çoxdur. Bu zəhmətsevərlik, gördüyü iş Fəxrəntac Bağırovaya ad-san, hörmət də gətirib. O, ötən il mart ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Rəşadətli əməyə görə” medalı alıb. İşgüzarlıqdan əlləri cadar-cadar olan sadə əmək adamı deyir ki, heç ağlına da gəlməzdi belə bir sevinci yaşayacağı. O an ən çox ona sevindim ki, mənim əməyimə belə yüksək qiymət veriblər.
Bu təltifin yolu alnından axan tərdən, dırnağı ilə qazdığı torpaqdan keçib.
Yaz-yay aylarında ailə təsərrüfatında hazırladığı turşu və mürrəbələri qış boyu satan Fəxrəntac xanım ilin-günün bu çağında həyətyanı sahəsində şitil istixanaları hazırlamaqla məşğuldur. Əlləri ilə torpağı eşir, toxumları səpir, sonra üzərini torpaqla örtür. Bikar dura bilmir. Çünki onu yaşadan əməkdi, işləməkdi. Aprel ayında bu istixanalardakı müxtəlif tərəvəz şitillərini satıb bitirəndən sonra o yenə üz qoyacaq dağlara.
Bütün bunlarla yanaşı, 70 yaşlı zəhmətkeş qadın cavan vaxtlarından yiyələndiyi dərzilik peşəsi ilə də məşğul olur. Çəkdiyi əziyyətin qarşılığında yaxşı qazanc götürür və deyir ki, insan kiminsə əlinə baxmamaq, kiməsə möhtac olmamaq üçün daima çalışmalıdır. Belə olmasa, gün-güzəranı xoş keçməz.
Fəxrəntac xanım həyətyanı sahəsindəki bağında hər cür meyvə ağaclarını calaq edib. Bir neçə il sonra bu cavan pöhrələr də boy atıb məhsul verəcək. Zəhmətsevər qadın həmin ağaclardan da əlinin bəhrəsini dərəcək, ruzisini qazanacaq.
Bəlkə də çoxları inanmayacaq, amma beş övad anası olan bu qadın yaşadığı evin divarlarını da əlləri ilə hörüb, kərpic-kərpic ucaldıb, özü və ailəsi üçün xoş güzəran yaradıb. Belə zəhmətkeş, hünərli qadınları tanıdıqca insan bir daha dərk edir ki, qadın həqiqətən də böyük qüvvədir. Zərif olsa da, zəif deyil. O, ailənin dayağı, bərəkətidir. Təsadüfi deyil ki, bu gün Naxçıvanda fəaliyyət göstərən ailə təsərrüfatlarının əksəriyyətində qadın bacarığı, qadın işgüzarlığı, qadın zəhməti dayanır.
Muxtar respublikamızda qadınların qazandıqları uğurların təməlində onların əzmi ilə yanaşı dövlətin dəstək və qayğısı da dayanır. Məhz bu dəstək və qayğı nəticəsində bu gün yüzlərlə qadın öz təsərrüfatını qurub, biznesini yaradıb. Fəxrəntac Bağırova da belə qadınlardan biridir. Belə zəhmətsevər qadınlarımız işi ilə həm özünə xeyir verir, həm də dövlətinə.
Qəhrəman ana...
Əlləri qabarlı, torpaq sevdalısı Azərbaycan qadını həm də qəhrəman oğulların anasıdır. Ürəyi dağ boyda olan, övladlarının qayğısını, cəfasını çəkən, bu yolda saçlarına dağların qarı kimi bəyazlıq gətirən anaların köksündə fərqli bir ürək döyünür. O da anadır. El içində hamının tanıdığı, hörmət bəslədiyi müəllim, qəhrəman qadın, üç igidin anasıdır Xuraman Zeynallı. 1963-cü ildə Culfa rayonunun Saltaq kəndində doğulub. 7 uşaqlı sadə bir kəndli ailəsinin 6-cı övladı olub. 1980-86-ci illərdə o zamankı Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Nə az, nə çox, düz 40 ilin müəllimidir.
Vətən sevgisi, vətənpərvərlik ailədən, məktəbdən, ananın, müəllimin verdiyi təlim-tərbiyədən başlayır. Xuraman Zeynallının ömrünün qırx ili məktəbdə partalar arxasında əyləşən körpə balalara dərs deməklə, onlara vətən sevgisini aşılamaq, vətənə layiq övlad böyütməklə keçib. Zaman-zaman dərs dediyi bütün şagirdlərinin yaddaşına bir zamanlar qan yaddaşımız olan torpaqlarımızın işğal tarixini həkk edib.
İndi hüzuruna gəlmişəm. Qəhrəmanlığı görkəmində, duruşunda əks olunub o ağ saçlı ananın. Əzəmətini Haçadağdan alıb sanki. Oğullarına da bu əzəməti, vüqarı aşılayıb körpəlikdən. İllər boyu cəsarəti, mərdliyi, vətən sevgisini öyrədib onlara. Bu gün o oğullarına görə başı dik, məğrur gəzir el içində. Onu oğullarına görə tanıyırlar. Bu mərd, cəfakeş qadın Vətən müharibəsi iştirakçısı İsmayıl Nəcəfovun, qazi İbrahim Nəcəfovun və şəhid Yaqub Nəcəfovun anasıdır...
Oğullarının hər üçü hərb sahəsini seçərək Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edib, təhsillərində, xidmətlərində qazandıqları uğurlarla ananı hər zaman sevindiriblər.
Qəhrəmanlıq isə Nəcəfovlar ailəsinin qanında, canında, nəslində, kökündə olub. Ataları Məhəmməd Nəcəfov, əmiləri Vaqif Nəcəfov və Əli Nəcəfov 90-cı illərdə könüllü olaraq vətəni düşməndən müdafiə ediblər. Bu oğullar bəlkə də onların yarım qalan işini tamamlamaq üçün hərbçi olmuşdular. 44 günlük haqq savaşımızda iştirak edərək tamamladılar da... 2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsinə Xuraman müəllimə üç oğul göndərdi. Əkiz oğlanları İbrahim Ağdam, İsmayıl Tərtər, Suqovuşan, son beşiyi Yaqub isə Füzulidən döyüşlərə qatıldı. O günlərdə ana narahatlıq keçirdi, nigaran günlər yaşadı, bəzən də sevincdən gözləri işıqlandı. Axı torpaqlarımızı işğaldan azad edən minlərlə oğulun içində onun da oğulları var idi. Oktyabr ayının 6-sı İbrahim döyüşlərdə yaralanır, Yaqub və İsmayıl isə müharibənin son gününə qədər döyüşür.
Qələbəni sənə doğma övladının bəxş etməsi tamam fərqli bir hiss idi. 9 noyabr 2020-ci ildə günlərlə gözlənən qələbə xəbərini alır Xuraman müəllimə. Bu sevinci doyunca yaşaya bilməyən ana saatlar sonra kiçik oğlu Yaqubun, sonbeşiyinin şəhadəti ilə sarsılır. Günlər sonra mərd-mərdanə duruşu, qürurlu danışığı ilə oğlunun mübarək nəşini qarşılayır. Cüssəcə zəif, amma ürəyi, şücaəti elə vətən boyda olan bir oğlunu torpağa tapşırır. O gün sinəsinə bala dağı çəkilən ana hönkür-hönkür ağlasa da, bu sözləri deyir: “Nə yaxşı ki, vətən üçün!” Qardaşını gətirən İsmayıla isə “İgid əsgər, möhkəm dayan”.
Yaqubun şəhadətindən 20 gün sonra Vətən müharibəsinin canlı şahidi, bir gözünü vətənə qurban verən İbrahim üçrəngli bayraqla gəlir anasının görüşünə. Ana insan izdihamının önündə başı dik duraraq oğlu İbrahimi də layiqincə qarşılayır. Və qürur duyur ki, digər oğlu İsmayıl bu gün işğaldan azad olan torpaqlarda xidmətini davam etdirir.
Xuraman müəllimə kiçik oğlu Yaqubun da ilk müəllimi olmuşdu. Bəlkə heç düşünməmişdi o torpaqların işğal tarixini silən oğulların sırasında onun da oğulları olar. Zaman gəldi, Xuraman ananın da oğulları bir igid kimi vətən üçün döyüşdü. Son beşiyi isə torpağı azad etmək üçün özü də onun bir qarışına döndü. Bu qəhrəman oğullar hər 8 Mart Beynəlxalq Qadınlar Günündə analarını təbrik edib, ona xoş sözlər deyib, hədiyyələr alıblar. Hətta kiçik oğlu Yaqub 3-cü sinifdə oxuyan zaman əlləri ilə düzəltdiyi bir gül, bir açıqça, bir şeir ilə onu təbrik edib.
Ömrümün bəzəyisən, gülüsən,
Hər övladın arzususan, diləyisən.
Anaların ən gözəlisən,
Mənim anam, mənim anam.
Şübhəsiz, bu illər ərzində cəsur döyüşçülərin anası Xuraman müəllimənin oğullarından aldığı ən böyük hədiyyə işğaldan azad olunmuş torpaqlarımız və bu amal uğrunda Şəhid anası, Qəhrəman ana kimi tanınmaqdır. Vətən üçün belə oğullar böyütdüyünə görə bu həyatda ən böyük qəhrəmanlıq elə onun kimi qadınlara düşür. Qalib, qazi, şəhid analarına... Bu gün yenə o qadınların əllərindən öpür, qarşılarında baş əyirik. Çünki onların böyütdüyü qəhrəman oğullar bizim üçün, vətən üçün, torpaq üçün canlarını fəda ediblər. Və Xuraman ana bu yaz Şuşaya gedəcək. Oğlu Yaqubun uğrunda döyüşdüyü, mamır olub qayasında bitdiyi Şuşaya!
Türkanə Əmoyeva
“NUHÇIXAN”