Tarix boyu qadınlar hörmətlə əhatə olunmuş, cəmiyyətdə onların yeri xüsusi olaraq üstün tutulmuşdur. Lap elə eradan əvvəl “anaxaqanlığı-matriarxat” zamanından ta bu günə qədər bu fakt hər yerdə qarşımıza çıxıb. İlk yazılı ədəbiyyatımız hesab edilən “Kitabi-Dədə Qorqud dastanı”nda da qədim türklərdə qadınların nə qədər müqəddəs, dəyərli varlıq olduqları bildirilir, ana haqqının tanrı haqqına bərabər olduğu qeyd edilir.
Doğurdan da, ananın bir övladın böyüməsi üçün çəkdiyi zəhmət, göstərdiyi qayğı, onun üzərində olan haqqı heç vaxt ödənilməz. Qadınlar, analar övladlarının gələcəyi, arzuları üçün əlindən gələni edirlər. Onların xoş firavan həyat sürməsini arzulayırlar. Analarımızın övladına bir sözü var “mən yaşaya bilmədiklərimi, sən yaşa deyə çalışıram” və bəlkə də bu söz dünyanın ən mənalı ifadəsidir. Bəzən bizlərin yaxşı yaşaması, qayğılardan kənar qalması üçün özlərinin arzularını qurban verəcək qədər böyükdür ana ürəyi. Tarixi dəyişən, adını qanlı hərflərlə qəhrəmanlıq salnamələrinə yazan igid, cəsur oğlanları, şəhidləri də analar bizə bəxş edib. Mübariz İbrahimov, Polad Həşimov, Cəbrayıl Dövlətzadə və onlar kimi minlərlə mərd oğulları böyüdüb, tərbiyə verib, vətəni sevdirib qadınlar.
Analar, qadınlar hər zaman qəhrəman olublar. Həm ədəbiyyatda, həm də həyatda. Ən gözəl şeirlər onlara həsr olunub. Ən yaxşı əsərlər, filmlər məhz analardan bəhs edəndir. Anaya aid bir çox bədii ədəbiyyat nümunəsi var. Amma, ən gözəli Cəfər Cabbarlının “Ana” şeirdir.
...Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, nə zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!... O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Şeirin qayəsində ananın ülviliyi, bütün istəklərdən, arzulardan, gücdən, qüdrətdən üstün olduğu dayanır. İnsan Tanrıdan sonra yalnız bir kəsin, ananın qarşısında qul kimi baş əyib səcdə edə bilər.
Bu doğru fikirlər bir oğul-şair kimi Cabbarlının qələmindən çıxan şeirdə xüsusi yer alıb.
Bu gün qadınların vəzifəsi təkcə uşaq dünyaya gətirib, onu böyütmək deyil. İndi qadınlarımız həm Azərbaycanda, həm də dünyada öz sözlərini deməyi bacarırlar. İctimai-siyası, iqtisadi-mədəni həyatımızın bütün sahələrini təmsil edir qadınlar. Onlar öz ayaqları üzərində dura bilir, hətta bir sıra işlərdə qazandığı uğurları ilə heç də kişilərdən geridə qalmırlar. Bir sözlə, Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının ən fəal iştirakçısıdır.
O da faktdır ki, bəzi qadınlarımız övladlarını tək böyüdürlər. Onlara həm ata, həm də ana olurlar. Həyatın bütün çətinlikləri ilə təkcə savaşsa da, yenə övladının əlini buraxmayan, onları qoruyan, onları da həyatın axarına qoşan qadınlarımız da var.
Azərbaycan qadını, sən çox güclüsən. Öz övladını Vətən uğrunda itirəndə belə “Vətən sağ olsun” deməyi bacarırsan!
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadınlar, bu gün sizin gününüzdür - 8 mart Beynəlxalq Qadınlar Günü. Siz buna layiqsiniz. Əslində təkcə bu gün yox, hər gün sizindir və hər gün üzünüzün gülməsi dünyanın işığa qərq olması deməkdir. Ulu Cavid demişkən:
Qadın günəş, çocuq ay,
Ay nuru günəşdən alır.
Qadınsız bəşəriyyət,
çapuk məhv olur, zavallı qalır.
Qadın gülürsə, bu izsız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Siz zamanla sübut etdiniz ki, zəif yox, zərif , güclü varlıqsınız. Sizin həmişə gülməyiniz ən böyük arzumuzdur. Şərəfli ana adını, qadın adını layiqincə daşıya bilən bütün xanımlar, şəhid anaları, bacıları, yoldaşları və qızları, 8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək! Sizinlə fəxr edirik "Azərbaycan qadını" sözünü layiqincə daşıya bilən xanımlar!
Püstə Əhmədova
Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası II kurs tələbəsi