Tariximizdə qadın mövqeyi və 8 Mart - Söz tələbə jurnalistlərindir - FOTOLAR
Beynəlxalq Qadınlar Günü kimi qeyd olunan 8 martın tarixi əslində olduqca qədim zamanlara dayanır. Müasir dünyanın bir çox ölkəsində həmin gün, adətən iş günü hesab olunmur. Bayram kimi qeyd edilən bu gündə qadınlara müxtəlif hədiyyələr verilir, onlara xoş sözlər söylənilir. Bəşəriyyətin yarandığı andan etibarən cəmiyyətdə əvəzsiz mövqeyə malik olan qadınlar üçün təqvimdən bir gün ayırmaq olduqca mükəmməl bir addımdır.
"Qadın" demək, bir quruluşun başlanğıcı, bünövrəsi, sabahın möhkəm təməli deməkdir. Qadının cəmiyyətdəki rolu hər zaman yüksək səviyyədə olub və olacaq. Hələ ta qədim zamandan bəri həyatı qadınlarsız bir gün belə təsəvvür etmək olmazdı. Daha dəqiq desək, hələ qəbilə icması zamanında qadının qəbilənin həyatında mövqeyi danılmaz idi. O zamanlar həyata keçirilən bir sıra gündəlik işlərdə, məsələn, od sönməyə qoymamaq, onu qorunmaq məhz qadınlara həvalə edilirdi. Onlar da bu işin öhdəsindən layiqincə gəlirdilər. Yaxud da, qidalanmaq üçün müxtəlif giləmeyvələr və ərzaq toplanmalı idi. Göründüyü kimi qəbilənin həyatında ən çox işi qadın həyata keçirdiyinə görə həmin dövrü məhz "anaxaqanlığı" kimi adlandırmışdılar.
Qədim türklər, o cümlədən biz azərbaycanlılar qadına həddindən artıq dəyər vermişik. Bu davranışın və sevginin ən bariz nümunəsi məhz "Kitabi-Dədə Qorqud" dastanının boylarında əks olunub. İgidlərin qadınlara, analarına bəslədikləri əvəzsiz sevgi bu dastanda qəhrəmanlıqlarla paralel təqdim edilir. "Salur Qazanın evinin yağmalandığı boy"da düşmən Burla xatunu, qırx incəbel qızı və Qazan xanın anasını əsir götürür. Düşmənin üzərinə gedən Qazan xan ondan birinci anasını istəyir və ana haqqını tanrı haqqına bərabər tutur. Qazan bəyin oğlu Uruzu dustaq edən düşmən Burla xatunu, onun anasını kef məclisində şərab paylamağa məcbur etmək istəyir. Bunu eşidən oğlu Aruz öz canı bahasına olmuş olsa da belə həqarətə razı olmur. Bundan başqa digər boylarda qadınlar, qızlar öz qardaşları, ataları, ərləri, nişanlıları ilə birlikdə ox atır, at çapır, düşmənlə savaşırlar. Boylardan göründüyü kimi qadın əzəməti, namusu hər şeydən önəmli bir faktor kimi bizim tariximizdə özünü göstərir.
Qadınların qəhrəmanlığından danışarkən Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunu unutmaq olmaz. Belə ki, Azərbaycan dövlətçilik tarixində imperatorluğumuzdan biri olan Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun mühüm rolu və yeri vardı. Hökmdar Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərərdi. Hətta bir sıra tarixi şəxsiyyətlər belə Sara Xatun haqqında olduqca adil, müşfiq və işini bilən bir hakim kimi fikirlər söyləmişlər. Bu gün Naxçıvanda məzarı üstündə əzəmətlə məqbərəsi ucalan Möminə Xatın da məhz dövlət xadimi kimi ad çıxaran qadınlarımızdandır. Elə bu məqbərə Şərqdə qadın şərəfinə ucaldılan ilk abidədir.
O da faktdır ki, dünyanın heç bir yerində qadın hüquqları, azadlığı tanınmadığı halda, ilk olaraq Azərbaycanda bu zərif məxluqların seçkilərdə iştirak etmək, müstəqil olmaq, seçmək kimi hüquqları olmuşdu. İlk dəfə bu məsələ 1903-cü ildə martın 30-da Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtınski müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.
Tarix bizə çox sayda tanınmış qadınları təqdim edib. İlk azərbaycanlı qadın jurnalistimiz Şəfiqə Əfəndizadə haqqında danışmasaq, olmazdı. Belə ki, Şəfiqə xanım Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olaraq pedaqoq, publisist və yazıçı kimi öz adını tarixə yazıb. O, ilk təhsilini ailəsində almışdır. Sonra isə məktəbdə işlədiyi müddətdə türk dili və şəriət müəllimi kimi fəaliyyət göstərmişdir. Bədii publisistik yaradıcılığa isə, 1903-cü ildə "Şərqi-Rus" qəzeti ilə başlamışdır. Məhz bundan sonra tam bir jurnalist kimi fəaliyyət göstərmişdir. Sonralar o, "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair maraqlı məqalələr yazmış, uşaqlar üçün hekayələr dərc etmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, həmin nəşriyyatlarda da əsərlərini çap etdirmişdir.
Çağdaş dövrümüzdə isə bizim mükəmməl qadın nümayəndələrimiz isə, mənim fikrimcə, İkinci Qarabağ döyüşündə oğulları cəbhədən geri qayıtmayan, sözün əsl mənasında, qəhrəman Azərbaycan analarıdır. Bu analar illərlə zəhmətlə böyütdüyü övladını düşmənə sipər olsun deyə döyüşə yolladı, bu amal uğrunda oğlunu qurban verən Azərbaycan qadını “Vətən sağ olsun!” deyərək özünə təskinlik tapmağı bacardı. Öz təmkini, qətiyyəti ilə düşməni mənən öldürdü, bizə isə gələcəyə inam, qürur aşıladı.
Tarixin səhifələrini vərəqlədikcə də görürük ki, qadın olmaq heç də asan məsələ deyil. Hazırda dövlət işlərindən ev işlərinə qədər bütün məsələlərdə qadınları görə bilirik. Bu gün Azərbaycan qadını nə qədər zərif bir məxluq olsa da, bir o qədər də güclü və qətiyyətlidir. Etiraf edək ki, qadınlarımız həmişə cəmiyyətin dayağı olmaq funksiyasını uğurla yerinə yetiriblər.
Xumar Mikayılova
NDU, Jurnalistika ixtisası üzrə II kurs tələbəsi