QADIN

A- A A+

Adın dünya yaradıb,

Dünyaya min ad qadın.

Dünyanın əkizisən-

həm kədər, həm şad qadın.

 

Musiqinin rəngiylə

Rəssam, bəstəkar qadın...

Həyat dolaylarında

əsil fədakar qadın!

 

Gözlərinin giləsi

Dəniz yoğurur, qadın!

Hər kişinin arxası,

Ömrünə uğur qadın.

 

Ömrü yarıda qalan

Bir ömrə bədəl qadın.

Bəzən tarixlər yazan,

Tarixi təməl qadın.

 

Çiçək kimi ətirli,

İncəlik, zərif qadın.

Bəzən güc, mübarizə,

Bəzən çox zəif qadın.

 

Yaranışın simvolu,

Bircə damla ab qadın.

Açılmayan sirrilə

Vərəqsiz kitab qadın.

 

Nənə, xala, bibisən,

Sən mənim anam qadın.

Dərdimin dərd yoldaşı,

Dərdimə yanan qadın!

 

Qardaşıma arxasan,

Sevənin tacı qadın.

Hər kəs olsun bir yana,

Bacıya bacı qadın.

 

Vətənə şəhid gedən,

Vətənsiz, şəhid qadın.

Ağrılardan yoğrulan

Taleyə şahid qadın!

 

Adının zirvə yolu,

Şəhid anası qadın.

Qəhrəman şəhidlərin

Yalqız sonası qadın.

 

Sənsən cənublu, şərqli,

şimallı, qərbli qadın.

Bəzən Kiyev ağrılı,

Xocalı dərdli qadın.

 

Hər gün sənin günündür,

Şair, jurnalist qadın...

Sevgi dolu ürəklə

Bir taleyə süs qadın.

 

Sən ki, adına şərəf,

Məhəbbət, qürur qadın.

Dünya səndən başlayır,

Səndə qurtarır, QADIN!

8 Mart-Beynəlxalq Qadınlar Bayramın mübarək, QADIN!

                                      Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: