Qonşu qonşu olsa... - FOTOLAR

A- A A+

Bir zamanlar insan oğlunun ən böyük xəyalı idi şəhərdə yaşamaq. Bu bizə nə verdi? Səs-küy, sıx nəqliyyat və soyuq qonşuluq münasibətləri... Son dövrlərdə insanların sürətlə kəndlərdən, qəsəbələrdən iri şəhərlərə axışması bizə yenilik, müasirlik gətirdi, amma bu müasirlik qonşuluq əlaqələrinə dəyişiklik də "bəxş etdi". Məqsədim şəhər həyatını və ya bu mühitdəki münasibətləri pisləmək deyil. Fikirlərim qətiyyən yanlış anlaşılmasın. Etiraf edək ki, urbanizasiya özü ilə ictimailəşmə gətirsə də, bir yadlaşma da gətirdi. Şəhər mühitinin bir çoxunda, demək olar ki, qonşuluq münasibətləri olmur. Eyni binada yaşayan, eyni mərtəbəni paylaşan, eyni pillələri çıxan qapıbir qonşular bəzən bir-birini tanımır. Bunu çoxunuz şəxsi həyatınızdan müşahidə edə bilərsiniz. Çünki əlaqə vasitələri çoxaldıqca münasibətlər azaldı, "mən"lər böyüdü, amma "biz"lər azaldı. Müasir həyatda qutu kimi mənzillərdə, binalarda yalnız özünü düşünən, öz dünyasını yaşayan toplumlar formalaşır. Cəmiyyətlər mədəniləşdikcə yadlaşır. Bu fikirlər başqa regionlar üçün daha çox keçərlidir bəlkə də. Amma Naxçıvanda...

Yaşadığımız mühitdə qonşuluq münasibətləri həmişə önəmli rol oynayıb. Qonşu — bəzən insanın gündəlik həyatında öz yaxın qan qohumlarından da tez-tez qarşılaşdığı, ünsiyyətdə olduğu insandır. Bir yerdə böyüdüyümüz, günümüzün hər anını birgə keçirdiyimiz uşaqlar, ən yaxın qohumlarımıza ünvanladığımız müraciətlərlə - əmi, xala, dayı, bibi, nənə, baba deyə müraciət etdiyimiz, üzərimizdə haqqı, üzərlərində haqqımız olan qonşular...

Qonşuluq haqqı deyəndə ağlımıza birinci olaraq maddi kömək gəlsə də, qonşuluq haqqını maddi köməklə məhdudlaşdırmaq olmaz. Qarşılaşanda salam verib hal-əhval tutmaq, onlara baş çəkərək qarşılıqlı hörmət və sevgiyə zəmin hazırlamaq çox əhəmiyyətlidir. Mənə elə gəlir, məsələyə bu cür yanaşsaq, qonşuluq haqqının sırf maddi köməkdən ibarət olmadığını daha yaxşı anlayarıq. Bəzən bir boşqab hədiklə, bir qab ehsanla qapılarını döyərsiniz, qurban bayramında bir parça ət payı verərsiniz, bəzən də onların əlamətdar bir günündə hal-əhval tutarsınız - bunlar yaşadığımız mühitdə tez-tez rastlaşdığımız ənənələrdir.

Biz göz açıb görmüşdük ki, valideynlərimiz, böyük qardaş-bacılarımız bütün işləri qonşularla birgə görürlər. Təndirdə çörək yapanda da, tarlada, bağda-bostanda işləyəndə də, ev tikəndə, divar hörəndə də bir-birlərinə köməyə gedirdilər. Ona görə də bu, bizdə vərdişə çevrilirdi. Kənddə şənliklər, toylar olanda, kimsə qızını ərə verəndə, oğlunu evləndirəndə heç ailələr bilmirdilər ki, qab-qaşığı hardan gəldi, necə gəldi və yaxud da ki, çörək hardan gəldi sulandı. Təsərrüfatda hansısa işin görülməsi bir nəfər üçün çətinlik yaradırdısa, qonşular yığışıb qısa bir müddətdə işi görüb bitirirdilər. Yaxud təndir çörəyi yapanda mədətçilər toplaşırdı. Hər çörək yapanın öz mədətçiləri – köməkçiləri olurdu. Yığışıb hər dəfə birinə kömək edib aylıq və ya qışlıq çörəyi bişirib hazırlayırdılar. Ordubad rayon Xanağa kənd sakini, təqaüdçü müəllim Arif Əmirov deyir  bu sözləri. Danışdıqca uşaqlıq və gənclik illərini xatırlayır: hər kəsin geniş evlərinin olmadığı o zamanlar qış aylarında qonşuluq münasibətləri daha fərqli bir marağa, sanki macəraya çevrilirdi. Qış gecələrində qonşulardan birinin böyük evinə yığışardıq. Böyüklər, ağsaqqallar oturub söhbət edər, uşaqlar isə qulaq asardı. Meyvə qurusu, o qurulardan hazırlanmış kompot, yaxud qovurma qovrulan vaxtlarda onun şor suyundan (işgənə, təngov), qızartma ətindən ortaya qoyulurdu.                 

Culfa rayon Ərəfsə kənd sakini, yaşı səksəni ötmüş Nargilə nənə (Hacıyeva) də xatirələrini çözələyib ömrün keçən illərini xatırlayır:

- Kəndimizdə böyük otaqlar yox idi. Qış evi deyilən dörddirəkli evlər var idi. O evlərdə kürsü qalayır, kürsünün üstündə qovurqa qovurub yeyirdilər. Uzun qış gecələrində Şərur rayonundan Aşıq Həmid tez-tez kəndə gəlirdi. Hamı - qadınlı-kişili-uşaqlı yığışırdı həmin evlərə, gecə yarıyacan dastanlar deyilirdi, söhbət edilirdi.

Qonşumuzda yaşlı, uşaqları uzaqda olan insanlar var idi. Biz balaca olsaq da, onlara kömək etməyə çalışırdıq, bulaqdan su gətirirdik, hara-nəyə buyururdu gedirdik, nə deyirdilər köməklik edirdik. Mən indi qoca adamam, nə zaman dara düşdüm, əziyyət çəkdim, bir çətin işim oldu, birinci qonşularım gəlirlər köməyə.

Bu gün insanların daha sıx məskunlaşdığı şəhərlərdə zamanla aşınmaya məruz qalan bir çox adətlər kimi qonşuluq anlayışı o qədər qaneedici olmasa da, qonşuluq əlaqələri kənd, qəsəbə kimi kiçik yaşayış məntəqələrində daha mehriban qurulur. Bu, bir tərəfdən ictimai həmrəylik baxımından vacibdir, digər tərəfdən ailələrin rahatlıq və güvən içində yaşamaları baxımından  əhəmiyyətlidir.

Xanəgah kəndində yaşayan, 97 ilin belini yerə vurmuş Vəli baba (Qasımov) uşaqlığını yada salır: “biz balaca olanda uzun qış gecələrində yaşlı adamların başına toplaşırdıq, onlar da nağıl deyirdilər. Nağılı elə danışardılar ki, bu gün qurtarmazdı, sabah axşam yenə yığışırdıq həmin yerə nağılın ardına qulaq asmağa. O zamanlar televizor, internet yox idi, insanlar bir-birinə daha çox gedib gəlirdi. İndi hamı öz evində gününü keçirdir”.

Nargilə nənə də eyni fikirləri dilə gətirir: - “İndi zaman dəyişilib, internet dövrüdür. Əvvəllər qonşular bir-birinə çox gedib-gələrdi, oturub söhbət edərdi. Yenə hörmət, dostluq yerində, xeyir-şər yerində, bir-birinə get-gəl var, amma əvvəlki kimi yoxdur”.

Yaxşı qonşuluq əlaqələri xoşbəxtlik və sevincin paylaşılmasında olduğu qədər çətinlik və kədərin dəf edilməsində də bir yerdə olmaq deməkdir. İnsan həyatını davam etdirə bilmək, yaşamaqdan zövq almaq, sevincini, kədərini bölüşmək, insanlıq etmək və insanlıq görmək üçün qonşuya həmişə ehtiyac duyur. İnsanların ən böyük ehtiyacı olan isti münasibət də çox vaxt yaxın qonşulardan gəlir. Nahaq yerə deməyiblər ki, "yaxın qonşu uzaq qohumdan yaxşıdır". 

Arif müəllim danışır ki, kəndimizə başqa yerdən qonaq gələndə yaxındakı qonşu mütləq qonşusunu çağırıb nəyə ehtiyacı olduğu ilə maraqlanır, ya da heç soruşmadan meyvədən, çərəzdən - imkanı nəyə çatırsa, qonşuya verir. Qonaq heç bilmir bunlar gəldiyi evindir, yoxsa başqa evin.

Qonşuluq münasibətlərində, adətən, qadınların rolu daha böyük olur. Qadınlar bilirlər ki, bəzi şirniyyatları bişirmək xüsusi səliqə, bacarıq tələb edir, bunu hamı eyni səviyyədə yaxşı bacarmır. Bunun da öz ustaları var. Qadınlar yığışır bir qonşuya şirniyyat bişirirlər. Biri xəmirini yoğurur, o biri içini hazırlayır, digəri təndirə vurur. Yaşlı nəslin nümayəndələri gənc qızlara, gəlinlərə analıq qayğısı göstərir, təcrübələrini onlara öyrədirlər.

Yaxın qonşularla əhatə olunanda bayramların da bir ayrı ab-havası olur: - Bizim yaşadığımız yerdə hər il Novruz bayramında birinci yaşlı qonşuları görməyə, bayramlarını təbrik etməyə gedərik. Qonşuluğumda Oruc kişi, Tofiq müəllim, hacı Xanəli, Təyyibə xanım kimi yaşlı insanlar var. Bayram səhəri mən birinci onları görməyə gedirəm. Elə olur ki, onların uşaqları gəlir ki, mən onlardan əvvəl gəlmişəm valideynlərinin bayramını təbrik etməyə. Meylim olmasa belə, mütləq orda bir çay içməliyəm, dünyanın gərdişindən söhbət etməliyəm. Bu ağsaqqal və ağbirçəklərə hörmət və dəyərin ifadəsidir.

Bu gün Naxçıvan şəhərinin özündə də qonşuluq münasibətlərinin kifayət qədər qorunub saxlandığı məhəllələr, ictimai yaşayış binaları var. Dəfələrlə Naxçıvan şəhərindəki ictimai yaşayış binalarının həyətində qonşuların bir yerə toplaşıb qış ruzisi üçün hazırlıq gördüklərinin - əriştə kəsdiklərinin şahidi olmuşam. Yaxud toy hazırlığı görən ailəyə kömək məqsədilə cehiz üçün yun yuyub-çırpan, döşək salıb yorğan sırayan, xalça-palaz yuyan qonşuları da görmüşəm.

Şəhərdə doğulub böyümüş, ömrünün 80 ilini bu şəhərdə keçirən, hazırda da Əziz Əliyev küçəsində yaşayan Nubar nənə (Babayeva) 60 ilə yaxındır, yaşadığı məhəllədə qonşuluq münasibətlərinin hər zaman sıx şəkildə qorunub saxlanıldığını, nəsillər bir-birini əvəz etsə də, münasibətlərin miras kimi növbəti nəslə ötürüldüyünü deyir.

Yay mövsümündə elə ki axşamın sərini düşdü, küçədə - evin arxasında samovar salırıq. Hamı isti bir ocaq başı kimi çay süfrəsinin arxasında bir yerə toplaşır. İndi mənimlə həmyaşıd olan qonşularım dünyalarını dəyişsə də, onların övladları ilə mənim övladlarım arasında yaxın qonşuluq münasibətləri eyni şəkildə davam etməkdədir. Çünki xalq olaraq biz ənənələrə çox bağlıyıq. Öz keçmişimizi yaşadıb, qoruyub-saxlayıb gələcəyə ötürürük. Bu hər bir nəslin borcudur. Çünki yaxşı qonşuluq münasibətlərini ancaq bu şəkildə qoruyub saxlamaq və yaşatmaq olar.

Yaxşı yadımdadır, doğulub-böyüdüyüm Naxçıvan şəhərində yaşadığımız məhəllədə yaşlı nəslin nümayəndəsi olan iki qadın yaşayırdı. Nənəmdən böyük olsalar da, aralarındakı yaş fərqi o qədər də çox deyildi. Amma hər il Novruz bayramında səhər tezdən nənəm öz deyimi ilə - bir cüt corab, bir alma ilə onların bayram görüşünə gedirdi. Hər nə qədər o zaman uşaq olsam da, 90-cı illərin ən çətin, ağır günlərini mən də xatırlayıram. Həmin vaxtlarda ehtiyac duyulan bir çox şeylər üçün qonşularımızın bir-birinə nə qədər kömək etdiyini görmüşdüm. Bir parça çörək, bir az qənd, bir bişirimlik yağ və ya sadəcə bir dəmlik çay üçün belə qonşular bir-birlərinə əl tuturdular. Çətin şərtlər qonşular arasındakı münasibətləri daha möhkəm bağlarla bərkidirdi.

Yaddaşımın bir küncündə həmişəlik özünə yer etmiş başqa bir xatirə gözümdə canlanır. Mən balaca olanda qohum və ya qonşulardan kimsə rəhmətə gedəndə mərhuma, onun yaxınlarına hörmət əlaməti olaraq evimizdə televizora baxmağa icazə vermirdilər. Babam bu mövzuda çox sərt idi. Balaca olduğuma görə mən bu qaydaları pozmağa tez-tez fürsət axtarırdım. Bir dəfə qonşuluğumuzda yaşlı bir adam rəhmətə getmişdi. Televizora baxmaq yenə də qadağan idi. Evdə heç kimin olmamağından istifadə edib televizoru açdım. Bir neçə dəqiqədən sonra həmin mərhumun yaxın qohumu olan digər qonşumuz şüşəbəndin qapısından içəri girəndə özümü itirdim. Televizorun işlək olduğunu gizlətmək üçün ekranın qabağını kəsməyə çalışdım. Təbii ki, bunu bacarmadım. Amma o an yaşadığım hissi, düşdüyüm vəziyyəti, o xatirəni heç cür yaddaşımdan silə bilmirəm. Qonşuya qarşı çox böyük hörmətsizlik etdiyimi düşünürdüm. Çünki bu, mənim qonşuya qarşı öz vicdanımla, bəlkə də ilk hesablaşmam idi.

Bizim cəmiyyətin insanları yaxşılıq dediyimiz məfhumu heç vaxt unutmurlar, ehtiyacı olduğu anda qonşuya etdiyin kömək də ömür boyu unudulmaz. Yaşadığımız diyarın, demək olar ki, bütün yaşayış məntəqələrində qonşuluq mədəniyyəti qədimliyini qoruyub saxlamaqdadır.

Ordubad rayon Vələver kənd sakini, 80 yaşı çoxdan haqlamış Əsgər baba (Əsgərov) deyir ki, yaxşı qonşu hamıdan irəlidir. Atalar deyib ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Adamın dar günündə qonşu gəlir, qonşuya da getməlisən. Mənim atam həmişə deyərdi ki, birinci növbədə qonşu ilə münasibətini yaxşı saxla. Əgər qonşu ilə münasibətin yaxşı olmasa, sənin yaşayışın heçdir. Bunların hamısı böyükdən kiçiyə keçib.

Qonşumuzla eyni dünyagörüşə malik olmaya da bilərik, qonşumuzun bizimlə eyni dindən və ya inancdan olub-olmaması da vacib deyil. Vacib olan, insani hissləri paylaşa, bölüşə bilməkdir. Hamımız insan olduğumuza görə, bu hiss hamımızda var. Bu səbəbdən də münasibətlərin isti olması insanın öz əlindədir. Çatışmayan isə təkcə inamdır...

Mən balaca olanda yaşadığım küçədə insanların bir-birinə olan inam və etibarı sonrakı həyatımda insanlara olan münasibətimdə çox böyük rol oynadı. Bu gün heç bir qonşunun etmədiyi, bəlkə də edə bilmədiyi bir şeyi o zamanlar mən çox müşahidə edirdim. Qonşu bir yerə gedəndə qapını bağlayıb açarı qonşuya əmanət edirdi; biz açarı bir qonşuya, başqa qonşu bizə, bir digəri o birinə. Bu, qonşular arasında bir-birinə inamın, sevginin, arxayınlığın ən böyük nümunəsi idi. Çünki könül rahatlığı ilə evinin açar-qıfılını qonşuya əmanət edə bilirdin.

Vəli baba keçmiş xatirələrindən bu günə qayıdıb bugünkü qonşuluq münasibətləri haqqında fikirlərini də mənimlə bölüşür: - Mənim yaşım çoxdur, 97 yaşım var, işləyə bilmirəm. Qonşum Eldəniz var, cavan oğlandır. Nə vaxt deyim ki həyətdə yer belləmək, ya ağacları kəsmək lazımdır, gəlib kömək edəcək. Deməsəm də, görürsən ki, qonşular özləri gəlirlər; nəyə ehtiyacın var, nə kömək edə bilərik - mütləq maraqlanırlar. Hərdən axşamlar da gəlirlər, oturub söhbətləşirik. İnsanın özü yaxşı olmalıdır. Özün yaxşı olsan, qonşun da yaxşı olacaq.

Arif müəllim isə deyir ki, barmaqların beşi də bir deyil. Mütləq şəkildə insanlarda müxtəlif xarakterlər olacaq. Görürsən birinin yerinə quzu düşər, birinin yerinə toyuq keçər, uşaqlar dalaşar, fikir ayrılıqları yaranar, müəyyən kiçik narazılıqlar olar. Amma el gücü sel gücüdür, deyərlər. Hər şey xoşluğa bağlanar, xoş niyyətlə sonlanar. Hər şey el birliyi ilə olmalıdır. Bir misal var: sən balığı at dəryaya. Balıq bilməsə də, xaliq biləcək. İnsanlar bu düşüncə ilə yaşamalıdır. Deyiblər ki, qonşun pisdir, köç qurtar. Amma köçmək mümkün olmadığından lazımdır ki, qonşuluğu yaxşı saxlayaq. İmam Əlidən bir misal var, biri pisliyindən qalmayacaqsa, sən də yaxşılığından qalma. Sən yaxşılığını elə, o, gələcək üçün sənin mükafatını verəcək.

Bir nəfər evini dəyərindən xeyli baha qiymətə satırmış. Alıcı evin qiymətinin bahalığına etiraz edəndə ev sahibi deyir: Mən təkcə ev satmıram, həm də qonşu satıram...

Bu diyarın duzlu torpağı, kəskin iqlimi, sərt sıldırımları insanın həm təbiətlə, həm də özü ilə mübarizəsindən izlər daşıyır. Evini, uşaqlarını könül rahatlığı ilə qonşuya əmanət edə biləcəyin, uşaqların məhəllədə rahatca öz oyunlarını oynaya biləcəyi, avtomobilinin, evinin qapısına kilid vurmaq məcburiyyəti hiss etmədiyin, qapısını döyəcəyin hər bir evdə böyük hörmətlə qarşılanacağın torpaqdır Naxçıvan... Valideynlərin qonşuluğun saxlanılması, münasibətlərin davam etdirilməsi üçün övladlarını məcbur etdikləri, Xıdır Nəbisində, Novruz bayramında uşaqların sevinc və rahatlıqla, arxayınlıqla qapıları döyə bildiyi, pay umduğu, bir salamın qırx illik xatirinin olduğu, ehtiyac duyduğun ən kiçik şey üçün belə rahatlıqla qonşunun qapısına gedə biləcəyin, qonşunun bir yaxınının hüzr mərasimi üçün yüz kilometrlə yol qət edə biləcəyin, bir problemin olduğunda hasarın o tərəfinə könül rahatlığı ilə səslənə biləcəyin insanların yaşadığı, yalnız keçmişdə və xatirələrdə deyil, elə indi də qonşunun qonşu olduğu torpaqdır Naxçıvan...

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: