Bu gün muxtar respublikada 1 milyon 852 min kvadratmetrdən çox ərazi dezinfeksiya olunub - FOTOLAR

A- A A+

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri aid qurumlar qarşısında tapşırıq qoyaraq deyib: Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən martın 1-dən etibarən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Xüsusilə bazarlar və böyük ticarət mərkəzləri, mədəniyyət müəssisələri, turistik yerlər, bayram günlərində isə uşaq musiqi və bədii sənətkarlıq məktəbləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunmalıdır. Ticarət və xidmət sahələrində sanitar-gigiyena qaydalarına əməl olunması əhalinin sağlamlığının qorunmasında vacib amildir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə ötən gündən tibbi-profilaktik tədbirlərin növbəti mərhələsinə başlanılıb. Bu gün də səhər saatlarından etibarən Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb. Xüsusi təyinatlı avtomobillərlə şəhərin Əliqulu Qəmküsar küçəsi, Əlincə, Atabəylər, Babək məhəllələri dezinfeksiya edilib.

Şəxsi heyətin iştirakı ilə isə Heydər Əliyev Sarayı, nazirliklər, idarə, müəssisə və təşkilatlar, məscidlər, yanacaqdoldurma məntəqələri, iri ticarət mərkəzləri, marketlər, bazar və yarmarkalar, ictimai yaşayış binalarının, girişləri, zirzəmisi və ətrafı, muzeylər və insanların sıx toplaşdığı digər ərazilər dezinfeksiya olunub.

Bu gün ümumilikdə Naxçıvan şəhərində 672 min kvadrat metrdən artıq sahə dərmanlanıb.

Muxtar respublikanın rayonlarında da sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilir, təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə bu gün Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında dezinfeksiya tədbirləri icra edilib.

Dərmanlama işləri avtomobil yollarında, kənd və xidmət mərkəzlərində, bazarlarda, mərasim evlərində, məscidlərdə, muzeylərdə, idarə və təşkilatlarda, qəbiristanlıqlarda, yaşayış binalarında və digər yerlərdə aparılıb.

Bu gün rayonlarda 1 milyon 180 min kvadratmetrdən  artıq sahə dezinfeksiya olunub. 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: