Taksi sürücüləri Naxçıvan Dövlət Tarix Muzeyində olublar - FOTOLAR
Muxtar respublika sakinlərinə, eləcə də diyarımıza gələn qonaqlara nümunəvi nəqliyyat xidməti göstərməsi məqsədilə taksi sürücülərinin tariximizin saxlanc yeri olan muzeylərimizə ziyarəti davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, taksi sürücülərinin budəfəki ekskursiya ünvanı Naxçıvan Dövlət Tarix Muzeyi olub.
Ekskursiya zamanı bələdçi muzeyin eksponatları və Naxçıvan diyarının qədim tarixi ilə bağlı sürücülərə ətraflı məlumat verib.
Qeyd edilib ki, Naxçıvan Dövlət Tarix Muzeyində qədim diyarın zəngin tarixi ilə bağlı 48 mindən çox eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiya qədim, orta əsrlər, müasir dövr və ən yeni dövrü əhatə edir. Muzeydə müxtəlif çeşidli əmək alətləri, dulusçuluq və nəqqaşlıq nümunələri, Paleolit və Neolit dövrlərinin yadigarı olan ilkin əmək alətləri, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, xalq sənətkarlarının gözəl əl işləri sərgilənir.
Muzeydə, həmçinin şanlı muxtariyyət tariximiz, Naxçıvanın bugünkü inkişaf reallıqlarını əks etdirən eksponatlar da maraqla qarşılanır.
Qeyd edək ki, taksi sürücülərinin muzeylərə ekskursiyası muxtar respublikanın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, bu sahədə məlumatlı olan sürücülər muxtar respublikaya gələn turistləri mühüm və ilkin məlumatlarla tanış edərək turizm sektorunun mühüm təbliğatçılarına çevrilirlər.
Sevgili Mustafazadə