“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ümumqoşun, sərhədçi və ixtisas hazırlığı üzrə tədris prosesini uğurla başa vurmuş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Təlim-Tədris Mərkəzində təşkil olunan tədris prosesində gənc sərhədçilər atıcı, pulemyotçu, qumbaraatan, snayper, aşpaz, xidməti heyvanlar bələdçisi və rabitəçi-operator ixtisasları üzrə nəzəri və praktiki məşğələlərə cəlb ediliblər.

Atıcı, pulemyotçu, qumbaraatan və snayper ixtisasları üzrə keçirilən məşğələlərdə silahların təyinatı, ümumi quruluşu, döyüş xassələri, qismən sökülməsi və yığılması, silahların və optik cihazların iş prinsipi, nişanalma və atış qaydaları, snayperin maskalanması, müşahidə yerinin seçilməsi, hədəfləri müşahidə edə bilmə bacarığı şəxsi heyətə öyrədilib və  müxtəlif normativlər üzrə məqbullar götürülüb.

Xidməti heyvanlar bələdçisi ixtisası üzrə gənc əsgərlərə xidməti heyvanlarla davranış və təhlükəsizlik qaydaları, heyvanların saxlanılması, qidalanması və dövlət sərhədinin mühafizəsində tətbiqi öyrədilib.

Rabitəçi-operator ixtisası üzrə gənc əsgərlərə sərhəd bölmələrində istifadə olunan rabitə vasitələrinin növləri, təyinatı və işə hazırlanması, müşahidə kameralarının şəbəkəyə qoşulması, operator xidmətinin təşkili və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi mövzularında nəzəri və praktiki məşğələlər keçirilib.

Aşpaz ixtisası üzrə gənc əsgərlərə yeməkxanada iş zamanı təhlükəsizlik və gigiyena qaydalarına riayət olunması, yeməklərin, salatların və səhra şəraitində qidanın hazırlanması, sərhəd bölmələrində ərzaq məhsullarının saxlanılma qaydaları öyrədilib.

Tədris prosesində gənc sərhədçilərin real döyüş şəraitində mərdliyinin və dəyanətliliyinin artırılması məqsədilə taktiki və fiziki hazırlıq məşğələləri də keçirilib. Məşğələlərdə fiziki hazırlıq çalışmaları üzrə müxtəlif idman elementlərinin yerinə yetirilməsi ilə yanaşı əlbəyaxa döyüş fəndlərinə də üstünlük verilib.

Bütün məşğələləri uğurla başa vuran gənc sərhədçilərin növbəti xidmət yerlərinə yolasalınması mərasimi keçirilib. Mərasimdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyevin təbriki şəxsi heyətə çatdırılan zaman gənc əsgərlərin bundan sonra da nümunəvi xidmət edəcəklərinə əminlik ifadə edilib. Gənc sərhədçilər təntənəli keçidlə sərhəd zastavalarına yola salınıblar.

Sərhəd zastavalarında təntənəli şəkildə qarşılanan gənc əsgərlər şəxsi heyətə təqdim edilib. Gənc sərhədçilərə təhkim olunmuş silahlar sərhəd zastavalarının ən yaxşı sərhəd naryadı başçıları tərəfindən təqdim edilib və bu münasibətlə zastava rəisləri şəxsi heyəti təbrik ediblər. Gənc əsgərlər xidmətlərini davam etdirəcəkləri zastavalarda Vətənimizin sərhədlərinin müdafiəsi və mühafizəsi tapşırıqlarını peşəkarlıqla yerinə yetirəcəklərinə söz veriblər.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: