Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 11-də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra komitənin yeni İdarə Heyətinin üzvləri və komitənin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.  

Konfransın gündəliyi qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyevin hesabatı dinlənilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin maddi-texniki bazası yaxşılaşdırılıb, xidməti və yük avtomobilləri verilib, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, komitənin işçilərinin əməkhaqları artırılıb. Komitənin 1 şəhər, 7 rayon bölməsi, 580 ilk təşkilatı və  37 mindən artıq  üzvü vardır. Hesabat dövründə komitə öz fəaliyyətini Nizamnamə və iş planına əsasən qurub, İdarə heyətinin iclasları keçirilib, işdə olan nöqsanlar və qarşıda duran vəzifələr müəyyənləşdirilib və onların aradan qaldırılması üçün tədbirlər görülüb. Yaşar Vəliyev göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin üzvləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.

Komitənin İdarə Heyətinin üzvləri Cavidan Həsənova və Qurban Tarverdiyev çıxış edərək Vəliyev Yaşar Vəli oğlunun Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.  

Təklif səsə qoyularaq qəbul olunub və Yaşar Vəliyev Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri seçilib.  

Yaşar Vəliyev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, fəaliyyət üçün əlverişli şərait yaradılıb. Komitənin maddi-texniki bazası yaxşılaşdırılıb və istifadəsinə xidməti avtomobillər verilib. Eyni zamanda əməkdaşların sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcılı tədbirlər görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən Qızıl Aypara Komi­təsinin işçilərinin əməkhaqları artırılıb.

Ülvi Hüseynli bildirib ki, göstərilən dövlət qayğısına baxmayaraq Qızıl Aypara Komitəsi ötən 5 ildə fəaliyyətində nöqsanlara yol verib. Belə ki, şəhər və rayon bölmələrinin, eləcə də ilk təşkilatların fəaliyyətinə nəzarətin artırılması, görülən işlərin vaxtlı-vaxtında müzakirəsinin təşkili, aid təşkilatlarla əməkdaşlıq edilməsi, tibbi-sosial, humanitar və digər xidmətlərin göstəril­məsinə hazırlıq düzgün təşkil olunmayıb. Qarşıdakı dövrdə şəhər və rayon bölmələrinin sədrlərinin iştirakı ilə rüblük və illik fəaliyyətlər müzakirə edilməli, idarə və təşkilat­larda ilk təşkilatlarının yaradılması işi davam etdirilməli, komitənin fəaliyyəti, ideya və vəzifələri təbliğ olunmalı, kütləvi informasiya vasitələri ilə əlaqələr qurulmalıdır. Komitənin şəhər və rayon bölmələrində gənclər və könüllülərlə birlikdə təbii fəlakətlər zamanı itkin düşənlərin axtarışı  ilə bağlı seminarlar keçirilməli, humanitar və xeyriyyə xarakterli tədbirlər təşkil olunmalıdır.

Ülvi Hüseynli Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasında kolletivə uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: