Qızılqaya

A- A A+

Bu ilin may ayında Azərbaycan əsgərinin Naxçıvanın Günnüt kəndi istiqamətindəki uğuru hər kəsdə orduya və qələbəyə inamı bir daha gücləndirdi.  Bu zəfər şairlərə “Günnüt” adlı qəhrəmanlıq dastanı yaratmaq  üçün ilham mənbəyinə çevrildi. Tanınmış  şair Rövşən Hüseynov da Günnüt əməliyyatında ordumuzun nəzarətinə keçən strateji əhəmiyyətli bir yüksəklik haqda şeir yazıb. “Qızılqaya” adlanan şeiri NUHÇIXAN-nın oxucularına və poeziyasevərlərə təqdim  edirik.

Tariximdən soraq verən

Günnüt adlı bir yurdum var.

Dərələyəz, Əyricənin

Arasında tutub qərar.

Qızılqaya yüksəkliyi

Qədim obam, ucalığım.

Bu torpaqda göyəribdir

Həm sevincim, həm də ağım.

Bir zamanlar neçə kəndim

Düşmənimə pay-puş olub.

Həm Çanaxım, həm Amağum

Yad ellərə “bəxşiş” olub.

İllərdir ki, bu torpaqlar

Tapdaq altda inləyirdi.

Ordumuzun Qalibiyyət

Yürüşünü gözləyirdi.

Bir gün gəldi, ordumuzdan

Şad bir xəbər aldı, Vətən.

Gözəl məkan Günnütümdə

Zəfər marşın çaldı, Vətən.

Fəth olundu həmin günü

Oğuz yurdu Qızılqaya.

Xalqımızın uğur rəmzi

Əzəl qaya, Özəl qaya.

Baxın, baxın, yaxşı baxın!

Günnüt adlı torpağımda

Qızılqaya zirvəsində

Dalğalanan bayrağıma.

O, bir nurdur, bir mayakdır

Yorulmadan yol göstərir

Gözləri intizar çəkən

Neçə-neçə torpağıma.

Bu yol, şanlı ordumuzun

Lələtəpə, Naxçıvandan

Keçdiyi döyüş yoludur!

Ali Baş komandanımın

Sonu Laçın, Qarabağda

Bitəcək yürüş yoludur!

Rövşən Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: