Sosial qayğıya ehtiyacı olan daha 30 ailə özünüməşğulluğa cəlb edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevral ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin ailələrə aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunan ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olduğunu, bunun da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir etdiyini deyib.
Sonra yeni aktiv verilən ailələrin üzvlərinə müvafiq sənədlər təqdim olunub.
14 ailənin hər birinə 2 baş iribuynuzlu, 9 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 2 ailəyə mini yerşumlayan aqreqat, 2 ailəyə otbiçən aqreqat, 2 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 ailəyə isə təmir-tikinti alət və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilən ailələlərin üzvlərindən 11-ni əlilliyi olan, 1-ni cəzaçəkmə müəssisəsindən azad olunan, 1-ni ailə başçısını itirən, 3-nü müharibə veteranı, 3-nü isə şəhid ailəsi üzvləri olan şəxslər təşkil edib.
Aktiv təqdim olunan vətəndaşlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, aktivlərdən səmərəli istifadə edəcəklərini deyiblər.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Şərur rayonu Tumaslı kənd sakini Fərmail Quliyev həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğda qıran aqreqat verilib.
Ərhan Novruzov