Elxan Yurdoğlunun "İsmi-pünhan"ı - gilənar

A- A A+

Bir kitabın ilk oxucusu olmaq insanda fərqli duyğular oyadır. Həm də ilk oxucusu olduğun kitab haqqında qələmə alacağın cümlələrin məsuliyyəti bir az da artır. Çünki kitabı oxumayanlarda kitab haqqında ilk təəssüratı sənin fikirlərin yaradacaq. Naxçıvan ədəbi mühitindən və mətbuatdan yaxşı tanıdığımız Elxan Yurdoğlunun qarşımdakı növbəti şeirlər kitabı olan “Payızda gilənar dadı” ilə tanışlıq da məni belə bir məsuliyyətin öhdəçiliyini daşımağa sövq edir.

Sosial şəbəkələrdə onun şeirlərindən kiçik hissələrlə tez-tez rastlaşsam da, bu mənim Elxan Yurdoğlu poeziyası ilə geniş şəkildə ilk tanışlığım idi. Onun ayrı-ayrı şeirləri ilə tanış olsam da, bütövlükdə bir kitabı, orada yer alan fərqli mövzulu əsərləri ardıcıl şəkildə ilk mütaliəm oldu. Onun müxtəlif şeirlərini, duyğu yüklü misralarını, şair mənindəki bəzən gizli, bəzən açıq duyğularını geniş şəkildə ilk dəfə kəşf etdim. Düzü, şeirdən şeirə dəyişən hisslər və düşüncələr burulğanı mənim də düşüncələrimdə xeyli dəyişiklik yaratdı. Hərdən o misralarda insanın özünü, öz duyğularını, daxili dünyasını, danışa bilmədiyi, özündən belə gizlətdiyi düşüncələrini görə bilməsi isə Elxan Yurdoğlunun sadəcə öz hisslərini qələmə almadığını, eyni zamanda oxucusuna da xitab etməyi bacardığını göstərdi.

Yazda doğulan şairin payız sevdası var. Deyirlər ki, payız təbiətin çiçək olduğu ikinci bahardır. Payız əhvali-ruhiyyədir. Ona sevgiylə baxmaq lazımdır. Elə şair də payıza həmişə sevgi ilə baxır. Yəqin buna görədir ki, yay meyvəsi gilənarın dadını payızda da hiss etmək istəyir deyə düşünmüşdüm əslində. Niyə payızda gilənar dadı? Gilənar üçün payız gec deyil? – sualları hey düşüncələrimdə dolandı. Amma aramla oxuduğum sətirlər mənim xəyalımda başqa bir obraz canlandırdı. Daha doğrusu, başqa bir dünyanın gerçəkliyinə gətirib çıxardı.

Əsrimizin 20-ci ilində Müzəffər Sərkərdənin əmri ilə başlanan torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsi şair qələmini odlu-alovlu nizəyə, kəskin bir süngüyə çevirir. Vətənin hər qarış torpağı üçün başlanan qələbə yürüşü Elxan Yurdoğlunun misralarında vətənpərvərlik duyğusuna çevrilərək oxucuların qəlbinə yol tapır. Bu savaşın ordumuzun zəfər səfəri olmasını arzulayan şair yazır:

Bu namus savaşıdır, bu torpaq savaşıdır,

Qarabağçün darıxan bir bayraq savaşıdır.

"Vətən iman yerim" bölməsində şeirlərin hər biri şair mənindəki mübarizliyi, döyüşkən əhvali-ruhiyyəni üzə çıxarır:

Vurulsam, yıxılsam, yaram qan versə,

Durub savaşaram – tanı, buyam mən – deyərək əslində qələmə aldığı hər bir misranın, hər bir sətrin türk ruhunun dərinliyindəki cəng həvəsindən, savaş ruhundan qopub gəldiyini bir daha göstərir. Bu şeirləri oxuduqca oxucu özünü o qəhrəmanların arasında, onlardan biri kimi hiss edir. Sanki sən də əlində silah o qəhrəmanlarla birgə döyüşürsən.

Elxan Yurdoğlu öz sevdiyindən, ömür-gün yoldaşından əbədi ayrı düşmüş el qızlarının duyğularını da qələmə almağı unutmur. Müəllif nisgil, kədər, ayrılıq ağrısını və qadın qürurunu özünəməxsus şəkildə vəsf edir. Eyni zamanda onların mənəvi dünyasına enməyi, duyğularına xitab etməyi və düşüncələrini qələmə almağı bacarır:

Töküb xatirələri önümə zərgər kimi

Qəlbi qızıl bəyimlə ömrü naxışlayıram,

Varsa, günahlarını artıq bağışlayıram!

Toz-dumanın arasında əzminə heyran olduğumuz əsgəri savaş sərgisində canlı əsərə bənzədib maraqlı təşbeh yaradan müəllif qələbədən sonrakı hissləri, hadisələrin gedişatını da poeziyasında təkrar-təkrar xatırlayır və poetik dillə oxucularının ruhuna qovuşdurur.

Şuşanı salamlayır

Əsgərimin nəfəsi - deyən şairin cuşa gələn ilhamı onun xəyalını xeyli uzağa – Şuşaya qədər aparır:

İlhamım at səyirdir indi Cıdır düzündə,

Könlüm yuva qurubdur Natəvanın sözündə...

Kitabın ilk bölməsində toplanmış şeirlərin yekun fikri isə, mənə elə gəlir ki, "Nə yaxşı ki türk olmuşam" şeiri ilə vurulur. Dünya ilə həmyaş olan türklüyün şərəf və qürurunu, əzəmət və vüqarını tarixin hər detalına toxunaraq təsvir və vəsf edən müəllif mənsub olduğumuz genetik soyun zəfər akkordlarını vurur:

...Çaqqallara, tülkülərə qorxu mənəm, ürkü mənəm

Bu dünyanın məğlubiyyət tanımayan türkü mənəm...

İnsan fiziologiyası fiziki, mənəvi ağrılarla və yorğunluqla mübarizə aparmalı olur bəzən. Bu həm işimizdən, həm də olduğumuz mühitdən yaranan şəraitdən və şərtlərdən qaynaqlana bilir. Mənəvi yorğunluğu üzərindən atmaq insan üçün – xüsusilə yaradıcı insanlar üçün daha çətin və bəzən ağrılıdır. Şair düşüncələrinin yorğunluqdan qurtulması isə yeni poetik nümunələrin doğulması ilə nəticələnir adətən. Elxan Yurdoğlu da yorğunluğunu, nigarançılığını özünəməxsus şəkildə ifadə edir. Bəlkə də bu həm də öz ruhu ilə söhbətə yaranan ehtiyacdan doğan bir istəkdir.

Məni özümlə buraxın,

Tək qalmaq istəyirəm...

Təkliyə üz tutmaq istəyi insanın mənəvi-ruhi aləmindən doğan öz-özü ilə mühakimə istəyindən ortaya çıxa bilən hissdir. Buna baxmayaraq növbəti şeirlərinin birində ən doğma kəslə getmək istədiyini də xüsusilə vurğulayan şair yazır:

Təki təkliyin əlindən

Qaçasan lap uzaqlara...

Üzdə çoxları üçün bəlkə qırx yaşında göründüyünü, dərində yetmiş yaşlı bir adamın var-gəl etdiyini yazan şair hərdən keçən illərin yaş üstə yaş gətirməyindən və bəzən artan yaşın insan melanxoliyasına təsirindən də gileylənir:

Hər sözü də etmək olmur nuş daha –

Ya şəkərdir, ya zəhərdir, ya da duz,

Bu da otuz doqquz.

Bu dünyadakı bütün sevgilərin qar kimi tərtəmiz, bəmbəyaz olmasını arzulayan Elxan Yurdoğlunu sevgi şairi adlandırmaq, düşünürəm ki, yanlış epitet olmaz. Onun yaradıcılığına nəzər salanda ilk üç kitabının “sevgi” təyini ilə adlanması diqqətçəkəndir: “Qızlar gözlərində sevgi gəzdirir”, “Mən sevginin bəndəsiyəm”, “Ən gözəl sevgidir ölüm”. Böyük Cavid Əfəndinin “Mənim tanrım gözəllikdir, sevgidir” bəyanından sonra Yurdoğlunun “Mən sevginin bəndəsiyəm” yanaşması onun yaradıcılığından qırmızı xətt kimi keçən sevgi mövzusunu bizim üçün daha aydın edir. Yeni kitabında da bu mövzuya kifayət qədər yer ayıran şair özünü “bəxtikəm aşiqlərin dilsiz dərvişi” adlandıraraq yazır:

Neçə donmuş ürəyin sevda atəşi mənəm,

Buranın söz günəşi, şeir Günəşi mənəm –

Şəfəqimi yerlərdən saçıram göy üzünə,

Sizdən yaman yoruldum, qaçıram göy üzünə.

Oxucu qəlbinin şeirləri üçün vətən olduğunu, öləndən sonra da söz kimi yaşayacağını, ümidlərin nəsildən-nəsilə daşıyıcısının söz olduğunu deyən şair sözlərinin kövrək bir xatirə kimi kiminsə yadında qalması, o sözlərlə kiminsə xəyala dalması ilə kifayətlənir:

Şair, düşünmə ki, öldüm, qurtardı,

Bir misram yaşasa, demək ki, sağam.

Oxucu qəlbinə hopan şeirimin

Məna qatlarında yaşayacağam.

İtirmək – hər bir insan üçün həm qorxduğu, həm də mütləq şəkildə həyatında yaşadığı hissdir. Bu hisslə bu və ya digər şəkildə hər birimiz tanışıq. Bir də doğmalarını, yaxınlarını, səndən bir parça olanları və ya sənin bir parçası olduqlarını itirmək qorxusu var həyatda. İtirmək qorxusu şairin qələmindən başqa bir obraza, başqa bir rəngə və deyərdim ki, sirli bir aləmə çevrilib oxucunu ağuşuna alır. İtirmək alışqanlığından qorxusunu dilə gətirən Elxan Yurdoğlu, hamıya yük olan bu qorxunu insanı duyğu selinə boğan misralarla təsvir edir:

Atamla, anamla sınama, Tanrım,

65 nədir ki, 70 də azdır.

Bu üsyan deyil ki, qınama, Tanrım,

Ürək diktə etdi, qələm də yazdı.

Şair olan adamlar sol yanından yıxılır, – deyərək, bəzən uşaqlığına geri dönüb şıltaq uşaqlar kimi əylənməyi də öz arzusuna çevirib, aldığı zərbələri incik şəkildə dilə gətirir:

Axşamacan təpələrdən üzaşağı..

Sürüşərdim, dərd yox idi, kef saz idi,

Güvəndiyim dağlara qar yağmaz idi.

İnsan yaradılış etibarilə gizli olana həmişə böyük maraq göstərib və onu öyrənməyə can atıb. Bu insani maraq insanoğlunu bilinməzləri kəşf etməyə və bəzən də hansısa sirləri bir ömür gizli saxlamağa sövq edib. İlk dəfə Molla Cuma yaradıcılığından eşidib yaddaşımda saxladığım, təsəvvürümdə həmişə qeyri-adi bir obrazda canlanan “İsmi-pünhan”ı növbəti dəfə məhz Elxan Yurdoğlu poeziyasında kəşf etdim. Onun poeziyasında "İsmi-pünhan" qarşımıza gilənar obrazında çıxır. "Sən mənim ruhumun gilənar rəngi", "tənha gilənaram qışdan xəbərsiz", "indi mənim ürəyim gilənar yarpağıdır" kimi misralar bizə bu obrazın bəzən şairin özü olduğunu inandırmağa çalışsa da, əslində:

Sən mənim şeirimin

Mətnaltı sözü.

Bütün varlığımın

Özüsən, özü,– deməklə bizə gilənarın elə "ismi-pünhan" olduğunu açıqlayır. "Sənə qədər yarımçıqdım, səndə tamam olub gəldim", – deyərək əzəldən gilənar rənginin dəlisi olduğunu, dodaqlarının uclarından dərdiyi gilənar tamını hələ də unutmadığını, bir az gilənar çiçəyi, bir az da yasəməntək sevdiyini ayrı-ayrı şeirlərində dilə gətirir. Digər şeirlərində "İsmi-pünhan" olandan danışaraq bu kitabdakı yeganə qəzəl nümunəsində bir beyt ilə bu fikirlərə sanki yekun vurur:

Kimsə görməz mənim o göydə axan ulduzumu,

Tanrı da sevdiyini yanına pünhan aparar.

Şairə görə xoşbəxtlik nifrət edənləri də qarşılıqsız sevməkdir. Qəlbinin 18 yaşlı bir həyəcanın içində olduğunu bildirərək, utancaq bir eşqin çəkingən misraları ilə dilə gətirir duyğularını. Bəzən də insanları bir-birindən ayırıb uzaqlaşdıran bir adamlıq məsafələr şairin üsyanı kimi dilə gəlir:

Aramızda bir adamlıq məsafə,

Keçmək olmur, keçmək olmur, nə edim?!

İnsan təbiətin bir parçası olaraq xəlq olunub. Özünü heç vaxt təbiətdən ayrı təsəvvür edə bilməz, özünü təbiətdən təcrid edə bilməz. Hər hissimizdə, düşüncələrimizdə, həyatımızda təbiəti bir bütöv olaraq dərk edir və duyuruq. Elxan Yurdoğlunun şeirləri də bu sıradan istisna deyil. Onun əksəriyyət şeirində oxucu bunu çox açıq şəkildə hiss edə bilir. Bu poetik nümunələrin hər birində təbiətin başqa bir ünsürünü, üzvünü bu və ya digər şəkildə əsas qəhrəmanın yanında görə bilirik. Yeri gəlmişkən, "skamya" və "salxım söyüd" obraz olaraq şairin bir çox şeirində şahid qismində iştirak edir:

Salxım söyüdlər altında gizlədər tənhalığını,

Ağlayarsa, göz yaşında güzgülənər kəpənəklər.

Daraq çəkər dağ qızının saçlarına səhər mehi,

Yanağını alma bəzər, dodağını çiyələklər.

Təbiət aşiqi şairin duyğularına bəzən təzadlar da hakim olur. Bu duyğuların misralara çevrilmiş formasını biz ayrı-ayrı nümunələrdə görə bilərik:

Həm sevdin ki, yaşayım,

Həm də öldürdün məni.

Deyirlər, hər kəs özündən yazır. Amma gərək başqaları da yazılanlarda özünü tapsın. Elxan Yurdoğlunun "Payızda gilənar dadı" poetik dünyamıza müasir müstəvidən baxış, hər kəsin özünə aid nələrsə tapacağı kitabdır. Müəllifə yeni yaradıcılıq uğurları arzusuyla...

...Və fikirlərimi yekunlaşdırıb kitabı kənara qoyandan sonra təzadlar mənim də düşüncələrimə paradoksal bir fikir əlavə etdi... Payızda gilənar dadı – həm də vətən müharibəsində qanını torpağa axıdan şəhidləri simvolizə edir. Torpağın gilənar qırmızısı qanı acgözlüklə canına çəkməsinin təsviridir – payızda gilənar dadı. Günəş şəfəqləri ilə kifayət qədər yetişmiş olduğuna görə payıza qalmış gilənarın dadı da ancaq bu dadı bilənlər üçün xoşdur. Bəlkə də vətən torpağı öz doğmalarının  ətrinə – qanına susamışdı, darıxmışdı. Və torpaq o gilənar dadını alıb, doğmalarının ayaq səslərini eşidib, ətrini duyub, qanına doyandan sonra həmişəlik rahatlığına qovuşdu...

 

Məmməd Babayev

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: