Son 2 gündə 2 milyon 733 min kvadratmetrdən artıq sahə dezinfeksiya edilib - FOTOLAR
Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlər dezinfeksiya edilir, qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dünən və bu gün dərmanlama işləri icra edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə, son 2 gün ərzində 2 milyon 733 min kvadratmetrdən artıq sahə dezinfeksiya edilib.
Muxtar respublikada əhalinin sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə aparılan dezinfeksiya tədbirlərinin davamı olaraq Naxçıvan şəhərində martın 13 və 14-də də səhər saatlarından dərmanlama həyata keçirilib. Qaraçuq, Qaraxanbəyli, Bulqan, Tunbul kəndlərinin mərkəzlərində, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazilərində tibbi profilaktik tədbirlər aparılıb.
Şəxsi heyət tərəfindən isə nazirliklərin, təşkilatların inzibati binaları, “Saat Meydanı” turistik istirahət mərkəzi, istehsal müəssisələri, Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, eləcə də şəhərimizdəki parklar, məscidlər, bir sözlə, insanların daha çox istifadə etdiyi məkanlar dezinfeksiya edilib.
İki gün ərzində, ümumilikdə, Naxçıvan şəhərində 1 milyon 270 min kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub.
Tibbi-profilaktik tədbirlər muxtar respublikanın rayonlarında da aparılıb. Belə ki, Naxçıvan Beynəlxalq Hava Limanı, avtomobil yolları, kənd və xidmət mərkəzləri, hərbi hissələr, məscidlər, mərasim evləri, qəbiristanlıqlar, inzibati binalar, parklar və digər ictimai əhəmiyyətli yerlər dezinfeksiya olunub.
Ümumilikdə, rayonlarda 1 milyon 463 min kvadratmetrdən artıq ərazi tibbi profilaktik tədbirlərə cəlb olunub.
Röyal Kərimov