Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər bu gün də davam etdirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeddi gündür davam edən dezinfeksiya işləri Naxçıvan şəhərində və rayonlarda insanların sıx toplaşdıqları əraziləri, səhiyyə və mədəniyyət ocaqlarını və digər ictimai əhəmiyyətli yerləri əhatə edib.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması məqsədilə virus əleyhinə profilaktik tədbirlərin aparılmasının nəticəsidir ki, yoluxucu xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısı alınır, sanitar epidemioloji vəziyyət stabil saxlanılır. Bu gün də Naxçıvan şəhərində infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə qrafik əsasında dezinfeksiya işləri icra edilib. Belə ki, ictimai yaşayış binalarının ətrafı, girişləri, zirzəmiləri, inzibati binalar, yanacaqdoldurma məntəqələri, məscidlər və digər yerlər dərmanlanıb.
Muxtar respublikada dezinfeksiya tədbirlərinin aparılması rayonlarda da intensiv xarakter alıb. Bu işlər əsasən idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, kənd və xidmət mərkəzlərini, yaşayış binalarını, park və istirahət mərkəzlərini, ümumiyyətlə əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.
Röyal Kərimov