Gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşüblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü təşkil edilib.
Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində təşkil olunan görüşdə qazilər - Abbasəli Tarverdiyev, Arif Niftəliyev, Murad Əliyev, Nurlan Quliyev və Elşad Əlirzayev iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov, Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli Vətən müharibəsində qazanılan şanlı zəfərimizdən söhbət açıblar. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, onların vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət etdiyini bildiriblər.
Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad olunmasında pay sahibi olmağın onlar üçün əvəzsiz duyğu olduğunu qeyd edərək bildiriblər ki, çətin bir yol olmasına baxmayaraq, hər bir döyüşçü bu yolun sonunda ordumuzun zəfər qazanacağına əmin idi. Müzəffər Ali Baş Komandanın yenilməz diplomatiyası, qəti iradəsi, dövlət-xalq-ordu birliyi və Vətənə olan dərin məhəbbət ordumuzu bu savaşın qalibi etdi.
Görüşdə Vətən müharibəsi iştirakçıları şanlı döyüş xatirələrini gənclərlə paylaşıblar.
Sonda qazilərə təşəkkürnamələr təqdim olunub.
Mədinə Rəhimli