Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti mart ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 1 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilib. Həmin Qaydalara əsasən yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin, habelə 101, 102, 103 və 112 çağrı mərkəzlərinin növbətçi operatorunun hadisə barədə verdiyi məlumatın təcili reaksiyavermə xidmətləri tərəfindən operativ qəbulu təmin edilir. Yol-nəqliyyat hadisələrində məlumat daxil olduğu andan zərərçəkmiş şəxslərə kompleks yardımın göstərilməsinə başlanılır. Təcili reaksiyavermə xidmətləri gələnədək hadisə yerində olan zərərçəkmiş şəxslərin ixtisaslaşdırılmamış nəqliyyat vasitələri ilə hadisə yerindən təxliyə edilməsi zərurəti yarandıqda (zərərçəkmiş şəxslərin həyat üçün təhlükəli xəsarət aldığı hallarda) belə təxliyə yol-nəqliyyat hadisəsi iştirakçısı tərəfindən qanunvericiliyə uyğun olaraq səmt üzrə gedən nəqliyyat vasitəsi, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsilə yerinə yetirilir.

Eyni zamanda Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar bəzi məhdudiyyətlər aradan qaldırılıb. Adıçəkilən Qərara əsasən 2022-ci il 6 mart tarixindən etibarən şənlik mərasimlərinin keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyətləri ləğv edilib. Bu xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat və ya peyvəndə əks-göstərişi müəyyən edən sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Nazirlər Kabinetinin eyni tarixli digər qərarları ilə “Naxçıvanpoçt” publik hüquqi şəxs tərəfindən göstərilən xidmətlərin tarifləri”ndə dəyişiklik edilib.

Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktlar təsdiq edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: