Qışa hazırlıqla bağlı maarifləndirmə aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə ticarət obyektlərində maarifləndirici söhbətlər aparıblar.
NUHÇIXAN xəbər verir ki, qızdırıcı və qaz cihazlarının satıldığı ticarət obyektlərində olan mütəxəssislər sahibkarlara standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan avadanlıqları muxtar respublikaya gətirməməyi tövsiyə ediblər. Çünki əhalinin təhlükəsizliyi ilə bağlı bu istiqamətdə müvafiq qurumlar tərəfindən tədbirlər görülür. Bununla bağlı sahibkarların da üzərinə düşən vəzifələr onların diqqətə çatdırılıb. Həmçinin istehlakçılara təklif edilən cihazların texniki təhlükəsizliyi araşdırılıb. Soba və qızdırıcıların istifadə qaydaları ilə bağlı təlimat kitabçalarının Azərbaycan dilində olmasının vacibliyi diqqətə çatdırılandan sonra sahibkarlara bildirişələr paylanılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə təşkil edilən digər tədbir isə qazanxanalarla bağlı olub. Bu tədbir zamanı qışda fəaliyyət göstərən bütün qazanxanaların yanğın və texniki təhlükəsizliyinin vəziyyəti araşdırılıb. Müəssisə rəhbərlərinə və ocaqçılara payız-qış mövsümündə texniki təhlükəsizlik qaydalarına əməl olunması tapşırılıb.
Novruz Məmmədov