Doğma kənddən xatirələr və ya müasir büsatı ilə gözoxşayan qədim Xanəgah - FOTOLAR

A- A A+

Culfa rayonunun simasını dəyişən, abad məkana çevrilən kəndlərindən biri də dağlar qoynunda yerləşən, sinəsində müxtəlif dövrlərin tarixini, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaşadan Xanəgahdır. Kənd haqqında məlumat verməzdən əvvəl qeyd etmək istəyirəm ki, bu kənd mənə çox doğmadır.

Keçmiş günləri xatırlayarkən...

Ata-baba yurdum Xanəgahın qədimliyindən ta ki müasir kəndlər sırasına qovuşmasına qədərki dövrünədək evimizdə hər zaman bu söhbət dolaşırdı: “Görəsən, bizim kəndimiz nə vaxt müasir kəndlər sırasına qoşulacaq, quruculuq-abadlıq işləri bizim kəndə nə vaxt gələcək”... Evimizdə kəndimiz haqqında gedən söhbətlər yenidən düşüncələrimə hakim kəsilir… Mən uşaq olanda nənəmin kəndləri haqqında dedikləri yaddaşımda bir-bir təzələnir. Bu haqda kəndimizin keçmiş günlərinin şahidi olan nənəmlə söhbətləşirəm:

- Nənə, sənin yurdun Xanəgahdan, kəndimizin keçmiş illərindən, dünəni və bu günündən, qovuşduğu müasirlikdən yazmaq istəyirəm.

- Eh bala, keçmişdə nə var idi ki, nə də yazasan. O vaxtlar çəkdiyimiz əziyyətlər, rəhmətlik anamın gördüyü çətinliklər bu gün də yadımdadır.

Qeyd edim ki, nənəmin anası Nərgiz Qasımova İkinci Dünya müharibəsində cəbhədə iştirak etmiş qadınlardan olub. Onu xəyali xatırlayıram. Uşaqkən bizə tez-tez qonaq gələrdi. Yaşca çox böyük olduğu üçün ona mən və bacım qoca nənə deyə müraciət edərdik. Uzun qış gecələrində keçmişdən danışan qoca nənəmin şirin söhbətləri heç yadımdan çıxmayıb. Onun xalqımıza düşmənçiliyini hər zaman açıq-aşkar göstərən ermənilərin məkrli siyasətlərindən bəhs edən söhbətləri bu gün də yaddaşımda təzələnir. Deyirdi ki, anası Zeynəb Qasımova xan dövrünü görüb yaşamışdı. Onlar kənddə yaxşı yaşayan ailələrdən olub. Ta ki 70 illik əsarətə düşənə qədər. Yeni qurulan sovet dövlətində idarəçilikdə olanlar insanların məscidlərdə ibadət etməsinə qarşı olublar. O zaman insanları ibadət yerlərindən uzaqlaşdırmaq üçün məscidlərin anbar kimi dövlətin istifadəsinə verilməsinə dair qərar  çıxarılıb. Başda Zeynəb nənəm olmaqla kənd əhalisi Xanəgah kəndindəki qədim tarixi olan “Şah hamamı” adlanan möhtəşəm Dərvişlər abidəsinin anbar kimi istifadəsinə qarşı çıxıblar. Kənd əhalisinin güclü müqaviməti qarşısında heç nə edə bilməyən sovet rejimi həmin binanın elə ibadət yeri kimi də qalmasına razılıq verməyə məcbur olub. Beləcə məscidin qapısı kənd əhalisinin ibadəti üçün hər zaman açıq olub.

Ulu nənəmin heç bir təhsili olmayıb, sadəcə 4 illik orta məktəbi oxuyan nənəmin və kənd camaatının sovet rejiminin qoyduğu bu qadağaya qarşı çıxması, onları rus əsgərləri qarşısında qorxmaz edən, sözsüz ki, qəlblərində olan yurd, el-oba, Vətən sevgisi olub. Həmin qadının nəslindən olduğum üçün çox qürurluyam. Mən ulu nənəm kimi öz sözünü deyən, daim xalqımızın, dövlətimizin müstəqilliyi üçün çalışan, düşünən o insanlara demək istəyirəm ki, ruhunuz şad olsun, sizlərin əmanəti olan bu torpaqlar azaddır, bu gün müstəqilliyimiz əbədi, daimi və dönməzdir. Mübariz xalqım inkişaf etmiş dövlətə, güclü orduya sahibdir...

Bu düşüncələr məni bir anlıq da olsa, keçmişə apardı. Araya qəribə bir sükut çökdü. Bu səssizliyi isə söhbətinə davam edən nənəm pozdu.

- Heç yadımdan çıxmaz kəndə gedib-gəlməyimiz. O zamanlar maşın nədir, at arabası belə çətin tapılardı. Çox çətinliklə kəndə gedirdik. Palçıqlı, daşlı, çala-çuxurlu yollar kəndə çatanacan qoymazdı bizdə “ayaq qalsın”. Lap haldan salardı. Yadımdadır, sonralar kəndə maşın gətirdilər. O da (qurzavoy) yük maşını idi. Əlacsızlıqdan onunla gedib gəlirdik. Ona da ki bir minən sevinirdi, bir də düşən. Qohumlarımızı ziyarətə, xəstələrimizi görməyə, kənddən şəhərə çətinliklə gedirdik. Gedirdik, ancaq qayıtmağımız başqa bir zülm idi. Hətta elə olurdu ki, on gün gözləyirdik ki, bəlkə bir minik vasitəsi tapıb qayıdaq evimizə. Onu da tapanda ya yolda qalırdı, ya da ki çala-çuxurlu yollarda bizi o qədər atıb-tuturdu ki, evə salamat qayıdanda nəzir verirdik. Çox işləyirdik. Kolxozda, sovxozda canımız çıxırdı. Ancaq indiki kimi, xoş gün-güzəranımız yox idi. Müstəqillik qazandıqdan sonra bildik ki, yaşamaq nədir, telefon nədir, internet nədir, marşrut, kəndə rahat gedib-qayıda bilmək nədir... Quruculuğu, təmirli yolu, səliqə-sahmanı, insanlara qayğını müstəqillik illərində görürük. Şükürlər olsun ki, dövlətimiz bu rahatlığı bizə ərməğan etdi, qoca yaşımızda da olsa, bunları yaşadıq, gördük.

Xanəgah kəndinin bugünkü büsatı, heyranedici görkəmi və müasirliyi...

Yaz fəsli öz ətri, bahar təravəti ilə artıq ətrafda hiss olunur. Qış dövrünü başa vurub yaza təhvil verir. Donmuş, buz bağlamış ana təbiət yazın gəlişi ilə yenidən canlanır, soyuq nəfəsini isti nəfəslə əvəzləyir, torpaq insan ürəyi döyünən kimi döyünməyə başlayır. Yaşıllığa bürünən gözəl mənzərəyə vurğun olmamaq mümkün deyil. Fəslin gözəlliyini  Xanəgah kəndində daha yaxşı görə, hiss edə bilərik.

Nənəmgilin vaxtilə bir neçə günə gəldikləri yolu biz yeni asfalt örtük verilmiş, günəş şüası düşən zaman şüşə kimi parıldayan Culfa-Boyəhməd magistralı ilə bir neçə dəqiqəyə qət edirik. Kənddə yazın təravətini hiss etməmək mümkün deyil. Quşların ətrafa yaydığı gözəl zümzümə ilə ahəngləşən Əlincəçayın səsi insanı valeh edərək dərin düşüncəyə aparır… Kəndin təbiətindən duyduğun ab-hava səni sanki qış yuxusundan oyadır. Çəmənlikdə, çay kənarında gəzib, dağ-dərədə baş qaldıran çiçəklərdən aldığın əsrarəngiz ətirə heyran olursan. Bir anlığa təbiətin qoynunda dövr etməkdən, təmiz yaz qoxusunu ciyərlərinə çəkməkdən doymursan. Kəndi gəzdikcə evlərin soyuq qışa bağlanan qapı-pəncərələrinin təravətli yaza açıldığını görürük. Bu, baharı qarşılama hazırlığının başlanğıcıdır.

Xanəgah çox qədim kənddir. Doğru deyiblər ki, xalqın kimliyini bilmək üçün ilk növbədə onun tarixi abidələri nəzərə alınmalı və araşdırılmalıdır. Bu ərazidə yerləşən kəhrizlər, qalalar, nişangahlar, istehkamlar, həmçinin Əlincəqalanın ətəyində XIV əsr yadigarı, el arasında “Şah hamamı” adlanan möhtəşəm Dərvişlər abidəsi, XIII əsrə aid edilən məscid, sərdabələr, qədim qəbiristanlıq kəndin həyat və yaşayış tərzini, inam və etiqadlarını, dini-ideoloji görüşlərini əks etdirməklə bərabər, bu yerlərin qədim tarixə malik olduğunu da təsdiqləyir. Kəndin şərq hissəsində isə hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin qəbirüstü abidəsi daha çox diqqəti cəlb edir. 2006-cı ildə əsaslı şəkildə təmir olunan abidə kompleksi xalqın  ziyarətgah yeridir.

Kənd əhalisinin xoşbəxtliyini üzlərindəki təbəssümdən hiss edirik...

Uca bir təpənin üzərində durub kəndi seyr edirəm, düşünürəm ki, vaxtilə yadellilərdən qorunmaq üçün Əlincə qalasına sığınmış Xanəgah indi necə də böyüyüb, simasını dəyişib. Burada yaşayan insanlar bu torpaqlara necə də qırılmaz tellərlə bağlanıblar...

Rayon mərkəzindən 35 kilometr məsafədə yerləşən,  ümumi sahəsi 2157 hekatar olan Xanəgah kəndində 1548 sakin yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıqdır. Kəndin səfalı təbiəti, münbit torpağı sakinlərdə bağ-bağat yaratmağa maraq yaradıb. Öyrənirik ki, Çətəndaş, Orta Güney, Yarpaqlı düzlərinin bərəkətli əkin sahələrində bu gün qaynar həyat yaşanır. Traktorların gur səsi ətrafda əks olunur, torpaq şumlanaraq əkinə hazırlanır. Kənddə bu gün istənilən təsərrüfatla, həm də heç bir çətinliklə üzləşmədən məşğul olmaq üçün hər cür imkan və şərait var.

Xanəgahın həm də bir çox şəfalı bulaqları var. Çətəndaşdakı “Qaralar” bulağının suyu çox müalicəvidir, həmçinin kəndin ərazisində yerləşən “Həsən”, “Cəfər” və “Daşarası” çeşmələrinin suyu da min bir dərdin dərmanıdır.

Müasir kəndlər sırasına qoşulan Xanəgah bu gün qəsəbə görkəmini alıb...

Kəndin mərkəzi hissəsində Əlincəçayın üzərində salınan asfalt örtüklü körpünü keçdikdən sonra sol tərəfdə yeni tikilən mərasim evini, sağ tərəfdə isə  xidmət və kənd mərkəzlərini, həkim ambulatoriyasını və məktəb binasını görürəm. Burada 200 yerlik ATS quraşdırılıb, həmçinin sakinlər fasiləsiz elektrik enerjisi, mavi yanacaq, sürətli internetlə də təmin olunublar.

Tarixiliyi müasirliyə qovuşan Xanəgah kəndindən xoş təəssüratlarla ayrılıram. Kənddə sakinlərin rahatlığı, sərbəst işləməsi və yaşaması üçün hər cür şərait yaradılıb, infrastruktur yenilənib. Bu da Xanəgahın gözəlliyinə yeni çalarlar qatıb. İnanıram ki, bu kəndin zəhmətkeş insanları bundan sonra da dövlətimizin onlar üçün yaratdığı şəraitdən maksimum istifadə edəcək, ailə təsərrüfatlarını daha da inkişaf etdirəcək, muxtar respublikamızın iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

Səriyyə Salahova

“Arazın səsi” qəzetinin məsul katibi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: