Muxtar respublikada dezinfeksiya tədbirləri bu gün də davam etdirilib - FOTOLAR
Martın 9-dan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın bütün yaşayış məntəqələrində, xüsusilə əhalinin sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılır. Əsasən bazarlar və böyük ticarət mərkəzləri, muzeylər, istehsal müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün də Naxçıvan şəhərində viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi, Şərq hamamı, “Bərəkət” Qida Məhsulları MMC-nin həyətləri, ətrafı və pilləkən qəfəsləri, həmçinin ictimai yaşayış binaları və digər ərazilər dərmanlanıb.
Muxtar respublikada dezinfeksiya tədbirləri rayonlarda da intensiv xarakter alıb. Profilaktik tədbirlər idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, kənd və xidmət mərkəzlərini, yaşayış binalarını, park və istirahət mərkəzlərini, ümumiyyətlə əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.
Röyal Kərimov