Ahıllar evinin sakinlərinə bayram sovqatları verilib - FOTOLAR
Şahbuz şəhərindəki Ahıllar evində Novruz bayramı münasibətilə tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ahıllar evinin sakinləri üçün yaradılan şəraitdən danışıb, əlamətdar günlərdə onlarla keçirilən görüşlərin artıq ənənə halını aldığını qeyd edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildiriblər ki, hazırda Ahıllar Evi ilə yanaşı, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllara da evlərində sosial xidmətlər göstərilir. Onlar vaxtaşırı həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir.
Çıxış edənlər Ahıllar evinin sakinlərinə bayram münasibətilə təbriklərini çatdırıblar.
Sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış edib.
Sonra sakinlərə bayram hədiyyələri təqdim olunub.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Adilə Səfərova