Dövlət Gömrük Komitəsi tərəfindən saxlanılan mallar müvafiq qurumlara təhvil verilib, pirotexniki vasitələr məhv edilib - FOTOLAR
Müzəffər ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mart ayının 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 37 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
Bu məqsədlə 1130 kq alma, 180 kq qırmızı kələm, 100 kq peçenyə, 90 kq konfet, 90 kq düyü, 60 kq xurma, 60 kq kartof, 20 kq fısdıq, 18 kq qarğıdalı çubuğu, 17 kq bal, 10 kq sarıkök “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib. Əlavə olaraq 257 ədəd közərmə lampası, 162 ədəd meyvə şirəsi, 100 kq plastik qab, 49 kq qənd, 16 kq soğan, 2,8 kq istiot, 65 ədəd qaz pilətəsi, 4 ədəd qaz sobası, 2 ədəd qaz ocağı “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna, 2 ton üzlük daş “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, 9 litr alma sirkəsi Heydər Əliyev adına Hərbi Liseyə, 556 ədəd dəftərxana ləvazimatı “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusu və Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib.
Saxlanılan mallardan 8 ədəd elektroşok, 7 ədəd dəyənək, 3 ədəd dəmir qandal, 2 ədəd gözyaşardıcı qaz, 75 ədəd ov silahı patronu, 4 ədəd tapança mərmisi, 300 ədəd potron qırması, 22 ədəd ov bıçağı, 1 ədəd tapança darağı Daxili İşlər Nazirliyinə, 56 ədəd balıq toru Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na təhvil verilib.
Muxtar respublikamıza qanunsuz yollarla gətirilməsinə cəhd göstərilərkən saxlanılmış pirotexniki vasitələr isə həmin gün məhv edilib. Qeyd edək ki, gömrük orqanları tərəfindən Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. İnsan sağlamlığına, rahatlığına, ərtaf mühitə dəyə biləcək zərər və ziyanın qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən aşkarlanaraq saxlanılmış ümumilikdə 4935 ədəd pirotexniki vasitə yandırılaraq məhv edilib.