Şərur rayonunda ekoloji monitorinq və dezinfeksiya işləri aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çay və su hövzələrində monitorinqlər keçirilir, suların kəmiyyət və keyfiyyət göstəriciləri öyrənilir, mikrob və viruslara qarşı dezinfeksiya işləri aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Arpaçay Su Anbarı və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində keçirilib.
Nazirliyinin əməkdaşları su anbarından nümunələr götürüb, müasir fotofleks aparatı vasitəsilə ilkin analizlər aparıblar. Nəticədə suyun tərkibinin ekoloji tələblərə cavab verdiyi müəyyən edilib.
Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları isə təlimata uyğun olaraq su anbarı ərazisində əhəngli-xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar.
Arpaçay Su Anbarındakı nizamlayıcı qurğuların və kompleksi su ilə təmin edən boruların ətrafları dərmanlanıb. Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin ərazisi, buradakı sanitar qovşaqlar, yardımçı otaqlar, həmçinin kompleksə məxsus iş otaqları və mətbəx hissə dezinfeksiya edilib.
Qeyd edək ki, 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarı muxtar respublikamızın füsunkar təbiət guşələrindən biri olmaqla yanaşı, həm də mühüm kənd təsərrüfatı əhəmiyyəti daşıyır.
Məhəmməd Fərəcov