Türk xalqının ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 107-ci ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvanda tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının xarici əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Türkiyə ordusunun zabitləri, bir sıra təşkilat və media nümayəndələri, türkiyəli tələbələr iştirak edib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlət himni səsləndirilib.
Anım tədbirində çıxış edən Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 107 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Baş konsul Azərbaycan şəhidlərini də yad edib. Qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşılandı. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz siyasi və mənəvi dəstəyini göstərib.
Diqqətə çatdırılıb ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər. Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsi, türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
Tədbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” kəlamları bir daha xatırlanıb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılan abidənin, Ana abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra Çanaqqala zəfərinin 107-ci ildönümü ilə bağlı Naxçıvan şəhərində salınan və hazırda ətrafı abadlaşdırılan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Turab Hacızadə